ABŞ Prezidenti Donald Tramp Floridada yerləşən Mar-a-Laqo iqamətgahında NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüşlə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Amerika müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah sistemləri və Rusiya Prezidenti Vladimir Putinlə Çində keçirdiyi görüş barədə müzakirələr apardığını bildirib.
Tramp ABŞ-nin müdafiə sənayesi şirkətlərinin tikintisi davam edən 20-dən çox yeni müəssisədə əldə etdiyi irəliləyiş barədə NATO-ya məlumat verdiyini bildirib. Onun sözlərinə görə, həmin şirkətlər “Patriot” və THAAD hava hücumundan müdafiə sistemlərinin, “Tomahawk” raketlərinin, eləcə də hücum və müdafiə təyinatlı bir sıra yeni silahların istehsalına diqqət yetirirlər.
ABŞ Prezidenti sözügedən silahların hələ ictimaiyyətə və digər ölkələrə nümayiş etdirilmədiyini vurğulayıb.
“ABŞ indiyədək heç vaxt bu qədər hərbi texnika və sursat istehsal etməyib. ABŞ-ın müttəfiqləri və tərəfdaşları da bundan faydalanacaqlar”, – deyə Tramp qeyd edib.
Tramp Çində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş barədə də Rutteyə məlumat verdiyini vurğulayıb. O bildirib ki, Putinlə danışıqları zamanı ondan Avropa ərazilərinə qarşı bütün hərbi hücumları dayandırmağı tələb edib.
“Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunacağına ümid edirəm və bunun kifayət qədər real ehtimal olduğuna inanıram. Bu münaqişənin başa çatması hər kəs üçün böyük qazanc olacaq”, – deyə Tramp fikrini yekunlaşdırıb.