“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edərsə, Çin gərginlik yaratmamalıdır”.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Entoni Blinken deyib. O qeyd edib ki, Pekin özünü məsuliyyətli aparmalıdır:
“Əgər spiker getməyə qərar verərsə və Çin hansısa bir böhran yaratmağa və ya gərginliyi artırmağa çalışarsa, məsuliyyət tamamilə Pekinin üzərinə düşəcək”.
O vurğulayıb ki, Pelosi Tayvana səfər edib-etməmək barədə qərar verəcək, çünki Konqres öz qərarlarında müstəqildir və onları Ağ Evlə əlaqələndirmək tələb olunmur. Blinken ABŞ konqresmenlərinin daha əvvəl Tayvana səfər etdiyini də xatırladıb.
Öz növbəsində ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Pelosinin Tayvana səfəri ilə bağlı mümkün planlar Vaşinqtonun Tayvana münasibətdə siyasətində hər hansı dəyişikliyə işarə etmir. Kirbi deyib ki, ABŞ bunu açıq şəkildə bildirib.
O, ABŞ-ın Pekinlə gərginliyi artırmaqda maraqlı olmadığını və Tayvanla bağlı fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə üstünlük verəcəyini vurğulayıb. Kirbi ABŞ-ın Çinlə əlaqə kanallarını açıq saxlamaqla Tayvanı dəstəkləməyə davam edəcəyini qeyd edib.