Təchizat zəncirində böyük ölçüdə Çindən asılı olan Apple, iPhone 14-ü Hindistanda istehsal edəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət bu barədə özü açıqlama verib:
“Yeni iPhone 14 seriyası həyatımıza yeni texnologiyalar və mühüm təhlükəsizlik xüsusiyyətləri gətirir. iPhone 14-ü Hindistanda istehsal edəcəyimiz üçün həyəcanlıyıq”.
Apple-ın əsas təchizatçılarından biri olan Tayvanda yerləşən Foxconn şirkəti 2017-ci ildən Hindistanın cənubundakı Tamil Nadu əyalətində iPhone-un köhnə versiyalarını istehsal edir.
Bununla belə, Apple ilk dəfə olaraq belə iddialı addım ataraq Hindistanda yeni iPhone seriyasını istehsal edir.
Apple-ın, Vaşinqton və Pekin arasında münasibətlərdə gərginliyin artdığı bir vaxtda iPhone istehsalını Çindən Hindistana keçirmək qərarı diqqət çəkib.
Çinin “sıfır Covid” siyasəti ölkədə karantinlərin geniş yayılması ilə nəticələnib. Bu, Çində istehsal edən müəssisələrin pandemiya zamanı böyük fasilələrlə üzləşməsinə və işlərin ləngiməsinə səbəb olub.
Lakin Apple-ın istiqamətini Hindistana çevirməsinin yeganə səbəbi bu deyil. Şirkət burada bazar payını artırmaq üçün də yollar axtarır. Keçən il Hindistanda smartfon bazarında onun payı 4% civarında idi.