Azərbaycan yığmasının Tacikistanla yoldaşlıq matçının ağır keçəcəyi gözlənilən idi.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov matçdan (1:0) sonra mətbuat konfransında deyib.
Mütəxəssis rəhbərlik etdiyi kollektivin yaxşı mübarizə apardığını bildirib:
"Azarkeşlərə təşəkkür etmək istəyirəm. Oyunun ağır keçəcəyini gözləyirdik. Motivasiya üçün qələbə lazım idi. İlk hissədə tempi artıra bilmədik. İkinci hissədə dəyişikliklərdən sonra tempi yüksəldə bildik. Ümid edirəm ki, zədəli oyunçularımız tezliklə sıraya qayıdacaqlar. Abdulla Xaybullayevdə ciddi zədə yoxdur. Digərlərinin də tezliklə sıraya qayıdacağına ümid edirəm. Yaxşı oynamaq üçün vaxt lazımdır. Hazırda heyət qarışıqdır. 3 gün vaxtımız var. Gənclər də qoşulub komandaya".
O, hücumçu Mahir Emrelinin çıxışına da toxunub:
"Mahir qol vurmaq istəyir. Mən də onunla danışmışam. Qol vurmağı çox düşünməsə, daha yaxşı olar. İnanıram ki, zədələrdən sonra qol da vuracaq".