Ötən mövsümü uğursuz başa vuran “Neftçi”də “təmizləmə əməliyyatı” davam edir.
Manset.az sportinfo.az-a istinadla bildirir ki, çempionat başa çatandan sonra Sezar Meza Kolli, Vato Arveladze, Voislav Stankoviç, Mert Çeliklə yollarını ayıran bakılılar daha bir legioneri ilə vidalaşmaq qərarına gəlib.
Bu, ötən yayda “ağ-qaralar”ın uğurları üçün tər tökən, lakin heç cür ümidləri doğrultmayan Solomon Kvirkveliyadır. Gürcü müdafiəçi “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutuya lazım olmayıb.
Mətbuatda yayılmış bu xəbəri “Neftçi” azarkeşləri bayram əhval-ruhiyyəsi ilə qarşılayıb.
Mövsümboyu ləng və inamsız çıxışı ilə yadda qalan Kvirkveliya fanatların əsəbləri ilə oynayan futbolçuların başında dayanırdı. Sevgi qazana bilməyən təkcə gürcü deyil.
Mutunun təyinatından sonra sosial şəbəkə istifadəçilərinin fəallığı artıb. Azarkeşlərin fikrincə, rəhbərlikdən səviyyəli transferlər istəyən rumın çalışdırıcı komandanı səviyyəli futbolçularla gücləndirəcək.
İllərini ağ-qara rənglərə qurban verənlər daha iki futbolçunun – Azər Salahlı ilə Ömər Buludovun da şanlı formanı geyinməyi haqq etmədiyini düşünür. Sosial şəbəkələrdə yazılan rəylərin böyük əksəriyyətində Azərlə Ömərin adı çəkilir.
Yeni baş məşqçinin bu barədə hansı qərar verəcəyini zaman göstərəcək. Fakt faktlığını dəyişmir – illərdir bakılıların sıralarında olan Salahlı ilə Ömərovun futbolçu bacarığı “Neftçi”nin çəkisinə görə deyil.