16 sentyabr 2026-cı il
tarixində İsmayıllı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icra
vəziyyətinin qiymətləndirilməsi məqsədilə görüş keçirilib.
Manset.az xəbər verir ki, tədbir çərçivəsində ilk
olaraq rayon ərazisində fəaliyyət göstərən bir sıra fermer və sahibkar
təsərrüfatlarına baxış keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
Nahid Bağırov, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı
ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi
yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov və aidiyyəti
dövlət qurumlarının nümayəndələri təsərrüfatlarda aparılan işlərlə yerində
tanış olublar.
Səfər çərçivəsində
“AZCHİCKEN PRODUCTİON” MMC, “AAFT” MMC, fiziki şəxs Məmmədov Səlahəddin
Saməddin oğlunun təsərrüfatı və “İvanovka təbii qida məhsulları” MMC-yə baş
çəkilib. Burada istehsal fəaliyyəti, mövcud imkanlar, təsərrüfatların inkişaf
istiqamətləri və istehsal gücünün artırılması ilə bağlı görülən işlər barədə
məlumat verilib.
Daha sonra İsmayıllı Rayon
İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı
və emalı ilə məşğul olan fermer və sahibkarların, həmçinin Qərargah üzvlərinin
iştirakı ilə toplantı keçirilib. Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Nahid Bağırov, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı
ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi
yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov çıxış edərək
ölkədə aqrar sektorun inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və
fermerlərin fəaliyyətinin dəstəklənməsinə yönəlmiş tədbirlərdən bəhs ediblər.
Qeyd edilib ki, müəyyənləşdirilmiş hədəflərin yerlərdə reallaşdırılması dövlət
qurumları, yerli icra hakimiyyəti orqanları, fermer və sahibkarlar arasında
əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
Sonda fermer və
sahibkarların müraciətləri, təklifləri və onları narahat edən məsələlər
dinlənilib. Səsləndirilən problemlərin aidiyyəti dövlət qurumları tərəfindən
araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.