logo
logo logo
logo

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi - FOTOLAR

13:40 - 18 Sentyabr 2026

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi - FOTOLAR

18 sentyabr - Milli Musiqi Günü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü münasibətilə Vyanada görkəmli sənətkarın xatirəsi yad edilib.


Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev, eləcə də Azərbaycandan Vyanaya səfər edən nümayəndə heyətinin üzvləri Avstriya paytaxtının Dunay Parkında yerləşən Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər. 

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxışlarında Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin formalaşmasında müstəsna xidmətlərindən, onun zəngin və çoxşaxəli yaradıcılıq irsindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan milli və professional musiqisinin banisi olan Üzeyir Hacıbəyli yaradıcılığı ilə yalnız Azərbaycan deyil, bütövlükdə Şərq musiqi tarixində yeni mərhələnin əsasını qoyub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Üzeyir Hacıbəylinin irsinin Avstriyada təbliği istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, ötən il dahi bəstəkarın 140 illik yubileyi münasibətilə Vyananın “Akzent” Teatrında yeni quruluşda premyerası baş tutan “Arşın mal alan” operettasından danışıb. Leyla Qasımova əsərin Vyana səhnəsində alman dilində və tamamilə yerli yaradıcı heyətin iştirakı ilə təqdim edilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, Avstriyalı və Vyanada fəaliyyət göstərən sənətçilərin iştirakı ilə ərsəyə gələn tamaşa yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu layihə Üzeyir Hacıbəylinin yaradıcılığının universallığını, onun musiqisinin dil və mədəni sərhədləri aşaraq müxtəlif xalqların auditoriyasına xitab etmək gücünü bir daha nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarovun müəllifi olduğu abidə 2006-cı ildə Vyananın Dunay Parkında ucaldılıb.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az