Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib.
Manset.az xəbər verir ki, bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflinin verdiyi məlumata görə baxılan cinayət işi üzrə jurnalistin şikayəti təmin olunub.
Məhkəmənin hökmü ilə Sevinc Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.
Hər iki maddə üzrə ayrı-ayrılıqda 1500 manat cərimə təyin edilib. Cəzalar qismən toplanılmaqla yekun cəza 2500 manat cərimə müəyyən olunub. Bundan əlavə, 200 manat məhkəmə ekspertizası xərcinin də Sevinc Hüseynovadan tutulması qərara alınıb.
İş Sevinc Hüseynovanın Instagram və TikTok sosial şəbəkəsindəki çıxışlarında jurnalist Səidə Bəkirqızı haqqında səsləndirdiyi ifadələrlə bağlı başlayıb.
Şikayətə əsasən, həmin paylaşımlarda jurnalistin şərəf və ləyaqətini alçaldan, peşəkar nüfuzuna xələl gətirən ifadələr və ittihamlar yer alıb.
Vəkil Yaqub Nəcəflinin sözlərinə görə, məhkəmədə müdafiə tərəfinin əsas mövqeyi ondan ibarət olub ki, ifadə azadlığı başqa şəxslərin şərəf və ləyaqətinin alçaldılmasına, eləcə də onların barəsində böhtan xarakterli məlumatların yayılmasına haqq qazandıra bilməz.
Nəticədə məhkəmə Sevinc Hüseynovanın hər iki maddə üzrə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarıb.