Yaponiyanın Osaka şəhərində 2009-cu ildə oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan 58 yaşlı Sunao Takami asılaraq edam edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Kyodo xəbər agentliyinin məlumatına görə, Takami barəsində çıxarılmış ölüm hökmü icra olunub.
Ədliyyə naziri Hiroşi Hiraguçi keçirdiyi mətbuat konfransında qərarla bağlı bildirib: “Diqqətlə və hərtərəfli apardığım qiymətləndirmədən sonra edamın icra olunmasına göstəriş verdim”.
Qeyd edək ki, Takami 5 iyul 2009-cu ildə oyun zalının döşəməsinə benzin tökərək oranı yandırıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Barəsində çıxarılan ölüm hökmü 2016-cı ildə qüvvəyə minən Takami 2025-ci ilin iyunundan bəri Yaponiyada edam edilən ilk məhbus olub. Takaminin edamı Baş nazir Takaichi Sanaenin hakimiyyəti dövründə həyata keçirilən ilk edam kimi tarixə düşüb.