Bu gün Azərbaycan qazı Suriyaya çatır

09:18 - 02 Avqust 2025

Bu gün Azərbaycan qazı Suriyaya çatır

Avqustun 2-dən etibarən Azərbaycandan Türkiyəyə gələn təbii qaz Kilisdən Suriyaya ötürüləcək.


Manset.az xəbər verir ki, bu marşrutla qaz tədarükü sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq.

Xatırladaq ki, ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra yeni hökumət Türkiyə ilə əlaqə qurub. Türkiyə hökuməti digər sahələrdə əlaqələri inkişaf etdirməklə yanaşı, enerji infrastrukturunun dirçəldilməsini üzərinə götürüb.

Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Bundan sonra Bakı Ankarayla birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də isə Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. İyulun 12-də isə Bakıda İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaara ilə geniş tərkibdə görüşü olub.

Razılaşmaların nəticəsi olaraq iyulun 30-da Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Suriyaya təbii qaz ixracında Türkiyənin Azərbaycan və Qətərlə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik edəcək Kilis-Hələb qaz xəttinin təmiri bu il mayın 21-də başa çatıb. Xəttin ötürmə qabiliyyəti ildə 2 milyard kubmetrə çata bilər.

Tədarük Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq və təxminən 1200 meqavat elektrikə çevriləcək. Beləliklə, hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Suriyada gündə 3-4 saat davam edən elektrik təchizatı bu dəstəklə 10 saata qədər çıxmış olacaq.

Elektrik dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə 280 meqavat elektrik Suriyaya göndəriləcək.

Keçmişdə istifadə olunan Birecik-Hələb elektrik xətti də yenidən istifadəyə veriləcək. Təxminən 500 meqavat tutumlu bu xəttin də tamamlanması ilə, ümumilikdə, 900 meqavatlıq elektrik ixracatı mümkün olacaq. Beləliklə, təxminən 1 milyon 600 min evin elektrik ehtiyacı qarşılanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az