Şamaxı, Ağsu və İsmayıllı rayonlarında qəzalı vəziyyətə düşmüş 12 fərdi yaşayış evi yenidən tikiləcək.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat əldə edilib.
Belə ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bərpa və tikinti işləri ilə bağlı hazırlıqlara başlayıb.
Məlumata görə, nazirlik tikinti işlərinin icrasını “Hidroqazma” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, 12 evin tikintisi 1 milyon 106 min 327 manata başa gələcək. Başqa sözlə, FHN bir evin tikintisinə 92 min manat pul xərcləyəcək.
Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.