Gələn ildən qeyri-neft sektorunda muzdla işləyənlərin gəlir vergisinin tətbiqi ilə bağlı məsələ də xüsusi diqqət çəkir. Qeyd edim ki, bu güzəşt 2019-cu ildə tətbiq qüvvəyə minib və müddətli xarakter daşımışdır. Güzəştin müddəti 2026-cı il yanvarın 1-də bitir. Bu güzəşt rejimi sıfır dərəcə ilə, yəni gəlir vergisi tutulmadan tətbiq edilirdi ki, bu da dünyada nadir hallardandır.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Sahil Babayev bildirib.
O qeyd edib ki, yeni dəyişikliklərə əsasən, 2500 manatadək gəlirlər 14% gəlir vergisi ilə, 2500 manatdan yuxarı gəlirlər isə 25% gəlir vergisinə cəlb ediləcəkdi.
"Lakin Azərbaycan hökuməti özəl sektorun inkişafını və qeyri-neft sektorunun stimullaşdırılmasını nəzərə alaraq, növbəti böyük güzəştli rejim tətbiq edir. İlk növbədə biz güzəştli rejim olaraq yox daimi rejim olaraq bu dərəcələri demək olar ki, 50 faiz aşağı salırıq - 14%-lik rejimi 7%-ə salırıq. Bununla da qalmır, əlavə olaraq 7 faizə keçidə də biz tədrici keçid olaraq müəyyən edirik, yəni 2026-cı ildə muzda işləyən əhalinin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 faizdir", - nazir bildirib.