Azercell insan kapitalının inkişafı və rəqəmsal
transformasiya sahəsində həyata keçirdiyi layihələrlə “2026 Brandon Hall Group
HCM Excellence Awards”da üç mükafat qazanıb. İnsan kapitalının idarəedilməsi
sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə
şirkətin “İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası”
layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı “Liderlik
bacarıqlarının inkişafı proqramı” gümüş, “AI Bootcamp” layihəsi isə bürünc
mükafata layiq görülüb.
“İnsan kapitalına investisiya şirkətimizin uzunmüddətli
inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı
qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə
yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının
inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji
transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə
istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır”,
– deyə Azercell-in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd
edib.
Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin
tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını
davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə
edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının
80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin
səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.
Azercell əməkdaşlarının davamlı inkişafına və
liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business
School ilə birgə hazırlanan “Liderlik bacarıqlarının inkişafı proqramı” şirkət əməkdaşlarında
özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə
isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi
bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji
bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır.
Azercell-in dəstəyi ilə həyata keçirilən “AI Bootcamp” ölkənin müxtəlif
universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək
və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı
yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə
və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət
edib.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələr
müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes
ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma
və ölçülə bilən nəticələr kimi meyarlar əsasında qiymətləndirilir. Azercell-in əldə
etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına
verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.