Kino Agentliyinin Müşahidə Şurası formalaşdırıldı

15:35 - 02 May 2025

Kino Agentliyinin Müşahidə Şurası formalaşdırıldı

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) nizamnaməsinə uyğun olaraq, 3 nəfər üzvdən ibarət Müşahidə Şurası formalaşdırılıb. 


Manset.az xəbər verir ki, bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri, teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov və aktyor, rejissor, ssenari müəllifi İlham Qasımov isə şuraya üzv təyin ediliblər. 

Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. 

2006–2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011–2013-cü illərdə “Mədəniyyət” kanalına, 2013–2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib. O, eyni zamanda bir müddət Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi işləyib. 2018–2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019–2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.

2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

***

Fəxrəddin Manafov 1955-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1975–1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Tələbəlik illərində tədris teatrında aktyor kimi çalışıb. 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.  

Uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında da aktyor kimi fəaliyyət göstərən F.Manafov 1987-ci ildə “Əməkdar artist”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür. 

***

İlham Qasımov 1977-ci ildə anadan olub. 1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb. O, 1999–2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 

2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib. 2023-cü ildən Heydər Əliyev Sarayının direktorudur.

Qeyd edək ki, Müşahidə Şurası ARKA-ya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədrinin və üzvlərinin səlahiyyət müddəti 4 ildir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv