Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə attestasiyası həyata keçirilir.
Manset.az xəbər verir ki, əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə təşkil olunan attestasiyanın ilkin mərhələsi Bakı və Abşeron-Xızı regionlarını əhatə edib.
Mayın 12-də attestasiyanın növbəti mərhələsinə start verilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin attestasiyası keçirilib.
23 may tarixinədək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə 568 müəllimi cəlb olunacaq.
İyun ayında isə sözügedən regionların məktəblərində tədris olunan digər ixtisaslar üzrə təhsilverənlərin attestasiyasının keçirilməsi nəzərdə tutulur.