Gəncədə tarixi bina bərpa olundu - FOTOLAR

20:58 - 16 May 2025

Gəncədə tarixi bina bərpa olundu - FOTOLAR

Vəkillər Kollegiyası Gəncə Regional Bürosunun tarixi abidə olan inzibati binasının bir hissəsi bərpa edilib.


Manset.az xəbər verir ki, hər bir memarlıq abidəsi, sadəcə, daş və ya kərpicdən ibarət tikili deyil, o həm də keçmiş zamanın izlərini, memarlıq üslubunu, ictimai və mədəni dəyərlərini özündə yaşadan canlı bir tarixdir.

Bu günlərdə Gəncə şəhərində yerləşən daha bir tarixi bina bərpa olunub.

Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış tikili (inventar nömrəsi 3927) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə Regional Vəkil Bürosunun inzibati binasının bir hissəsi kimi fəaliyyət göstərir.

XIX əsrdə inşa olunmuş tarixi abidənin bərpası zamanı yalnız estetik deyil, eyni zamanda elmi və tarixi yanaşmalar əsas götürülüb. 

Abidənin fasadında aparılan təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılıb və mütəxəssislərin nəzarəti altında Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən icra olunub.

Gəncə şəhərinin memarlıq üslubuna uyğun şəkildə bişmiş kərpicdən tikilmiş binanın bərpası zamanı zədələnmiş və aşınmış kərpiclər yeniləri ilə əvəz olunub, hörgü tikişləri yuyulub, əvvəlki dövrlərdə vurulmuş sement və boya qatları təmizlənib. Ümumilikdə binanın vizual və tarixi orijinallığı qorunub saxlanılıb, eyni zamanda cəmiyyətə xidmət göstərmək üçün funksional məkan kimi yenidən istifadəyə verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv