Anarın kitabının təqdimatı oldu - Poeziya saatı keçirildi

16:05 - 23 İyul 2025

Anarın kitabının təqdimatı oldu - Poeziya saatı keçirildi

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşan Vaqif Poeziya Günləri Şuşada davam edir.


Manset.az xəbər verir ki, poeziya bayramı çərçivəsində iyulun 23-də Şuşa şəhərində Natəvanın evinin qarşısındakı meydanda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabının təqdimatı keçirilib.

Yazıçı Varis Yolçuyevin aparıcılığı ilə keçən təqdimatda "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, AYB-nin katibi, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, tənqidçi Əsəd Cahangir çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər. 

Qeyd olunub ki, kitab Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş iki nəslə həsr olunub, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. Xalq yazıçısı Anar ədəbi qəhrəmanları Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib. 

Akademik Nizami Cəfərovun ön söz yazdığı  kitabda Anarın şeirləri də yer alıb. 

Təqdimatdan sonra şair İbrahim İlyaslının aparıcılığı ilə poeziya saatı təşkil olunub.

Tanınmış şairlər Abuzər Turan, Bəsti Əlibəyli, Xuraman Muradova və başqa şairlər şeirlərini oxuyub, bədii qiraətçilər poeziya nümunələrini səsləndiriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az