Əməkdar artist Zilli Namazov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə aktyor, Xalq artisti Kazım Abdullayev məlumat verib.
O bildirib ki, Əməkdar artist axşam saatlarında dünyasını dəyişib:
"Biraz əvvəl ağır bir xəbər aldım! 50 illik dostum Respublikasının əməkdar artisti ömrünü Azərbaycanfilm kinostudiyası və Speys telekanalına həsr etmiş gözəl insan və sənət fədaisi olan Zilli Namazov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib! Ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakultəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışır. Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb. Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib. Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir. Gənc aktyorların formalaşmasında yaxından iştirak edir. Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib.