Xocalıda qalıqları aşkarlanan 2 nəfərlə vida mərasimi keçirildi

20:25 - 30 Mart 2024

Xocalıda qalıqları aşkarlanan 2 nəfərlə vida mərasimi keçirildi

Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meyitinin qalıqları tapılan Əli Cavadov və Şiraslan Nəcəfovla 32 ildən sonra vida mərasimi keçirilib.

Manset.az Report-a istinadən xəbər verir ki, vida mərasimi Xocalıdan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Goranboyda baş tutub.

Qeyd edək ki, Xocalı faciəsi zamanı şəhid olan hər iki sakinin ailəsi Goranboy rayonunda məskunlaşıb. Üç qız, üç oğul atası olan Əli Cavadov 39 yaşında, səkkiz övladı olan Şiraslan Nəcəfov isə 40 yaşında öldürülüb. Onlar həm də yeznə-qayın olublar.

Sabah onların nəşi Xocalı şəhərinə aparılaraq orada torpağa tapşırılacaq.

Xatırladaq ki, Xocalı faciəsi zamanı itkin düşən hər iki şəxsin qalıqları, azad Xocalıda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı aşkarlanıb.

Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmçinin tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.



Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin