Qarabağda ekoloji vəziyyət necədir? - Görülən işlər

11:30 - 15 Sentyabr 2023

Qarabağda ekoloji vəziyyət necədir? - Görülən işlər

Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Dövlətin əsas prioritetlərindən biri kimi bütün sahələr ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Hazırda işğaldan azad olunmuş ərazilərdə çirklənmə səviyyəsinin qiymətləndirilməsi, riskli zonaların müəyyənləşdirilməsi üçün dövlət proqramı çərçivəsində mühüm işlər görülür. 

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə vaxtilə heç bir zaman ekoloji normaltivlərə əməl olunmayıb.

R. Abbasovun sözlərinə görə həmin ərazilərimizdə vaxtilə ermənilərin bir prioriteti vardı ki, hər şeydən mümkün qədər çox istifadə olunsun:    

“Təcrübə göstərir ki, işğal illərində ərazidə çox böyük meşə yanğınları baş verib. Bu, bir terror hadisəsidir. Cəbrayılda, Zəngilanda qorunan Şərq çinarını ermənilər xüsusi vandallıqla məhv ediblər. Çox qiymətli ağaclarımızı kəsərək bahalı mebellər hazırlayıblar. O ağacların arasında 1000-2000 yaşı olan çox qədima ağaclar vardı. Cəbhə xəttində daimi yanğınların törədirdilər. Bir iki dəfə yandırdıqdan sonra torpaq bitki örtüyü tamamilə məhv olurdu. Torpaqlar yararsız hala salınırdı. Dağ regionlarında göllər tamamilə qurudulub və ya biznes məqsədilə istifadə edilib. Son şəkillər onu göstərir ki, həmin ərazilər hələ də bərpa olunmayıb. Azərbaycan tərəfinə işğal illərində o zonadan su gəlməyib. Zond qızıl mədəni Tərtər çayının suyunu çirkləndirib. Buna Oxçuçayı misal gətirə bilərik. Oxçuçay Ermənistan ərazisində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə daim çirklənməyə məruz qalır. Bu çayın suyunun ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Ermənilər mənbəyini Sərsəng su anbarından götürən Tərtər çayının suyunu tez-tez kəsirdilər. Yay aylarında suyu kəsib Sərhəng su anbarında saxlayırdılar. Qışda isə çaya verilən suyu artıraraq yerli əhaliyə təhlükə yaradırdılar. Onlar bununla Bərdə və Tərtərin kənd təsərrüfatına böyük ziyan vururdu. Xaçınçay su anbarı su ehtiyatının təmin edilməsi məqsədilə Azərbaycan höküməti tərəfindən 1964-cü ildə istismara verilmişdi. Lakin ermənilər 27 il ərzində bu su anbarından istifadəni əngəlləmişdi. Həmçinin, Qarqar çayının çirklənməsini göstərə bilərik”. 

Rövşən Abbasov qeyd edib ki, ekologiyamızın və ətraf mühitin qorunmasında təbliğat işləri aparılmalı, gənclərin təbiətin qorunmasında və mühafizə edilməsində məsuliyyəti artırılmalıdır:   

“Sərhəng su anbarı yenicə bizim nəzəratimizə keçib. Xankəndinə biz işıq verdik. Bundan sonra Sərhəng su anbarının suyundan sərbəst istifadə edə biləcəyik. Bundan sonra doğru tənzimlənmə gedəcək. Çünki Sərhəng su anbarı 1974-cü ildə Azərbaycan tikilib. Əsasən suvarma məqsədi daşıyırdı. Mən hesab edirəm ki, Sərhəngin suyundan da istifadə etmək lazımdır. Çünki bəndin hündürlüyü kifayət qədər çoxdur. Buna görə də çayın elektrik enerjisi potensialı da böyükdür. Eyni zamanda Mişar çay üzərində kiçik elektrik stansiyaları qurulubdur. Həkəri çayın ekosistemini bərpa etmək üçün bura bir sıra balıqlar buraxılır. Tədricən ekosistem bu çayda sağlamlaşdırılır. Əsasən nərə balıqları buraxılır. Çünki nərə balıqları orda kürü tökürlər. Həkəri çayının suyu çox təmizdir. Bol sulu çaydır. Milli parklarımızda qiymətli ağacların bərpa prosesi gedir. Qızıl mədənlərinin təhlükəsiz fəaliyyəti ilə bağlı işlər görülməlidir. Onların daha dayanıqlı istifadəsi üçün yeni bir plan hazırlamalıdır. Bu ərazilər bizim öz ərazimizdir və elə etməliyik ki, ətraf mühitə ziyan dəyməsin”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, ermənilər işğal dövründə ərazilərimizdə flora və faunaya zərbə vurub, "Qırmızı kitab"a daxil olan bir çox bitki və heyvan növkərinin məhvinə səbəb olub:

Qarabağda ermənilərin ekologiyaya vurduğu zərər həddindən artıq böyükdür. 27 il ərzində 60 min hektara yaxın yaşıllıq ərazi, yaşı 1000 ildən çox olan ağaclar xüsusi vandallıqla məhv edilib. Həmin məhv edilən qiymətli, sənədli ağaclar ermənilərin mənfəəti üçün mebel və başqa işlərdə istifadə edilib. Bundan başqa faydalı qazıntı yataqları qanunsuz istismar edilib. Bu istismar nəticəsində qızıl, gümüş, mis, molibden kimi metallar qanunsuz olaraq çıxarılıb. Bu zaman o ərazilərdə ekoloji normativlər nəzərə alınmayıb. Nəticədə həmin ərazilərdə böyük həcmdə tullantılar atılıb qalıb. Bununla əlaqədər həmin ərazilərin gələcəkdə təmizlənməsi böyük xərc tələb edir. Bir çox su hövzələri və çaylarımız Ermənistan tərəfindən çirkləndirilib. buna görə də suyun keyfiyyəti aşağı düşüb. Orada yaşayan vəhşi təbiətə aid olan heyvan növləri məhv olub. 

Amin Məmmədov qeyd edib ki, Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin bərpa edilməsi üçün lazımi addımlar 2020-ci ildən sonra atılmağa başlayıb:

“İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasına ciddi şəkildə ehtiyac var. Orada ekoloji zərərin qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirmə nəticəsində dəymiş zərərin məbləği hesablanıb və bununla bağlı beynəlxalq məhkəmədə iddia qaldırılıb. Bunun üçün bütün zəruri sübut dəlillər toplanılıb. Hazırda artıq Qarabağın bir çox ərazilərində yaşıllaşdırma işləri həyata keçirilir. Yeni yaşıllıq massivləri salınır. Həmçinin, həmin ərazilərin minalardan təmizlənməsi tələb olunur. Bununla paralel olaraq gələcəkdə orda çoxlu sayda ağac əkilməsi və ekoloji məsələlərin yaxşılaşdırılması planlaşdırılır”. 
 

6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi;

Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin