“Reytinq xatirinə lazımsız suallar verirlər”- Əməkdar artist

21:00 - 26 Dekabr 2023

“Reytinq xatirinə lazımsız suallar verirlər”- Əməkdar artist

"Son illər verilişlərdə reytinq xatirinə o qədər artıq, lazımsız suallar verilir. Amma nə sənət adamları, nə də sadə xalqın nümayəndələri heç zaman elə verilişlərə yaxşı münasibət bəsləmirlər. Düzdü, maraq üçün elə verilişlərə baxanlar da var. Amma sənət şəxsiyyət və peşənin nümunəvi nümayişi deməkdir. Heç zaman o cür verilişlərə getmirəm."

 

Manset.az xəbər verir ki, bu sözləri Moderator.az saytına müsahibəsində səhnə mədəniyyəti, gözəl ifası, nümunəvi davranışı ilə hər zaman seçilən, sevilən əməkdar artist  Almaz Orucova deyib. O, əlavə edib ki, belə verilişlərdən dəvət gələndə şərt qoyur.

"Zəng edib dəvət edəndə də, şərt qoyuram. Verilişə kiminlə çıxacağımı soruşuram. Mənim üçün bu da vacib məsələdir. Gedəndə də deyirəm ki, əgər sənətdən kənar suallar verilsə, o verilişdə oturmayacam, verilişdən çıxacam."

O, fəxri adların sənətçi üzərinə qoyduğu məsuliyyətdən danışıb. Əməkdar artist qeyd edib ki, fəxri ad daşıyan sənətkarlar ikiqat məsuliyyətli olmalıdırlar.

"Fəxri adlar sənətçinin üzərinə çox böyük məsuliyyət qoyur. Bu adlar dövlət başçısı tərəfindən əməyimizə verilən qiymətdir. İkiqat məsuliyyət daşıyırıq. İfa etdiyimiz mahnılarda, həm davranışımızda, həm geyimimizdə çox məsuliyyətli olmalıyıq."

Sonda gözəl xanəndəmiz yeni il axşamından söz açıb. Bildirib ki, əksər vaxtı bayram günlərini o səhndə qeyd edir. Amma bunun üçün heç zaman müəyyən məbləği şərt qoymur. O, deyir ki, dəyər, hörmət, puldan daha vacibdir.

"Bayramlar, sənətçilərin evdən kənarda qeyd etdikləri xoş günlərdir. Adətən, sənətçilər həmin gün səhnədə, konsertlərdə, müəyyən ailə tədbirlərində olurlar. İllərlə yeni il axşamını öz evimdə olmamışam. Amma heç zaman məbləğ şərti qoymamışam. Çünki dəvət aldığımız yerlər, ailələr bizim sənətin dəyərini bilib, çox hörmətlə yola salıblar. Bəzən elə yer də olub ki, puldan vacib insana qoyulan dəyərə, hörmətə önəm vermişəm. Ona görə də heç zaman müəyyən pul miqdarı deməmişəm. Amma bayram gecəsi üçün çıxışına fantastik məbləğ təyin edər sənətçilər var. İnanın ki, o boyda məbləği deyirlər də, ala bilirlər də."


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin