Zaman-zaman baş verən təbii fəlakətlər nəticəsində, əsasən bölgələrdə yaşayan vətəndaşların mənzillərinə ciddi ziyan dəyir. Hətta bəzi hallarda sel və daşqınlar səbəbilə evlər tamamilə su altında qalır. Bəs bu halda, sığortası olmayan vətəndaşlara dəyən ziyanı kim ödəməlidir? Dəymiş ziyan dövlət tərəfindən ödənilirmi?
Mövzu ilə bağlı Manset.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, əgər söhbət sırf təbii fəlakətlərdən gedirsə, belə hallarda dövlət və Fövqəladə Hallar Komissiyası tərəfindən rayonlarda əmlaka dəyən ziyan müəyyən dərəcədə qarşılanır.:
"Əgər evlərə ziyan dəyibsə, onların təmiri həyata keçirilir, tikinti materialları ilə təmin olunurlar və digər bu kimi yardımlar göstərilir.
Hər bir rayonun icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası bu proseslə məşğul olur. Onlar əmlaka dəymiş ziyanı qiymətləndirir, daha sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin bölgəyə müəyyən büdcə ayrılır.
Biz bu hallarla tez-tez rastlaşırıq – məsələn, sel, daşqın və zəlzələlər zamanı, xüsusilə İsmayıllı, Ağsu və Şamaxı kimi bölgələrdə bu cür dövlət dəstəyi müşahidə olunub. Yəni, təbii fəlakətlər zamanı dövlət bir çox hallarda vətəndaşlara dəyən ziyanı qarşılayır – sığorta olmasa belə.
Lakin vətəndaşlar bilməlidirlər ki, bu, dövlətin qanunla müəyyən olunmuş öhdəliyi deyil. Qanunvericilikdə təbii fəlakətlər zamanı mütləq şəkildə ziyanın ödənilməsi nəzərdə tutulmur. Sadəcə olaraq, vətəndaşlar baş verən hadisələrdən sonra rayon icra hakimiyyətlərinə müraciət edir və dövlət yardımını xahiş edirlər. Sosial yönümlü bir hökumət olduğuna görə, dövlət bu müraciətləri cavabsız qoymur və müəyyən yardımlar göstərilir".
Ekspert qeyd edib ki, vətəndaşların əsas məsuliyyəti əmlaklarını sığortalamaqdır:
"Burada söhbət icbari sığortadan gedir. İcbari sığorta haqqı Bakı şəhərində 50 manat təşkil edir, digər rayonlarda isə bu məbləğ bir qədər aşağıdır. Təbii fəlakət baş verdikdə, əgər mənzil icbari qaydada sığortalanıbsa, sığorta şirkəti tərəfindən 25 min manata qədər vəsait ödənilə bilər".
Seyranə Quliyeva