Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə ancaq şəxsən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Görüş baş tutacağı halda, sülh əldə oluna bilərmi?
Mövzu ilə bağlı Manset.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, Ukrayna prezidentinin açıqlaması görüşün baş tutmamasına zəmin yarada bilər.
"Prinsip etibarilə, Rusiya tərəfi indiyədək verdiyi açıqlamalarda və səsləndirdiyi bəyanatlarda Ukrayna Prezidenti Zelenskini legitim dövlət başçısı kimi tanımadığını bildirib. Bu baxımdan, əgər belə bir görüş baş tutarsa, bu, Rusiya tərəfindən əvvəlki bəyanatların rədd edilməsi anlamına gələ bilər".
Deputat qeyd edib ki, hazırkı şəraitdə Rusiyanın mövqeyinin nə dərəcədə əsaslı olduğunu demək çətindir:
"Rusiyanın təcrübəsində bu kimi hallarda geriyə çəkilmə halları müşahidə olunub. Lakin bu, Ukrayna kontekstində inandırıcı görünmür. Hələlik görüşün baş tutacağı ilə bağlı konkret bir mövqe yoxdur. Yəni, Rusiya tərəfi və ya Rusiya prezidenti hələ Zelenski ilə görüşə razılıq verilməsi barədə hər hansı rəsmi açıqlama yaymayıb. Bu səbəbdən, konkret nəticə çıxarmaq hələ mümkün deyil".
Quliyeva Seyranə