"Şagirdlər təhlükə altındadır, məktəb psixoloqları zəifdir" - SƏRT TƏNQİD

13:35 - 20 May 2025

\"Şagirdlər təhlükə altındadır, məktəb psixoloqları zəifdir\" - SƏRT TƏNQİD

Azərbaycanda məktəb psixoloqlarının fəaliyyəti kifayət qədər effektiv deyil. Nəticə etibarilə, şagirdlər arasında bıçaqlanma halları və "oğru dünyası"na maraq kimi təhlükəli meyllər artır. Bu vəziyyət narahatlıq doğurur. Bəs belə bir şəraitdə məktəb psixoloqları niyə lazımi tədbirlər görmürlər? Problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?


Mövzu ilə bağlı Manset.az-a danışan sabiq deputat Etibar Əliyev bildirib ki, məktəblərdə ən ciddi problemlərdən biri psixoloqlarla bağlıdır:

"Təəssüf ki, məktəblərdə psixoloqların fəaliyyəti demək olar ki, görünmür. Bir məsələni qeyd edim: orta məktəblər üçün psixoloqlar hazırlayan əsas ali məktəblər Bakı Dövlət Universiteti və Azərbaycan Pedaqoji Universitetidir. Mən bir pedaqoq və alim kimi, deyə bilərəm ki, köhnə proqramlarla, həmçinin müəllimlərin dövrün psixologiya elminin inkişafını izləməmələri səbəbindən, çox zəif psixoloqlar yetişir. Bu psixoloqlar məktəb mühitini, uşaq psixologiyasını, uşaqlarla necə ünsiyyət qurmağı düzgün başa düşmürlər".

E.Əliyev qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə Finlandiyada, uşaqların fiziki və zehni sağlamlığını qorumaq məqsədilə xüsusi vəzifə ştatları yaradılır:

"Bu məsələyə ciddi yanaşılır və onun əhəmiyyəti danılmazdır. Lakin biz artıq 34 ildir müstəqil ölkə olsaq da, hələ də məktəb psixoloqlarını düzgün yetişdirə bilmirik. Məktəb psixoloqları təhsil aldıqları ali məktəblərdə tədris olunan fəlsəfə və psixologiya proqramlarının dövrün tələblərinə cavab vermədiyini görürük.

Digər tərəfdən, bu gün məktəblərdə baş verən neqativ halların əsas səbəblərindən biri də təhsil sisteminin get-gedə zəifləməsidir. Yuxarı sinif şagirdləri məktəbə gəlmirlər, müəllimlər isə tərbiyəçilik funksiyasını yerinə yetirmirlər. Bunun əsas səbəbi isə təəssüf ki, naşı rəhbərlikdir. Məktəbin fəlsəfəsini başa düşməyən şəxslərin məktəbə rəhbərlik etməsi vəziyyəti daha da çətinləşdirir.

Nəticə etibarilə, vəziyyətə ciddi yanaşmaq lazımdır. Məktəblər gələcəyimizi formalaşdırır, uşaqlara vətəndaşlıq tərbiyəsi verir. Bu məsələlərin həlli mütləqdir. Sosial şəbəkələrdə müəllim və direktor arasında yaşanan mübahisələr, səsyazmalar da ictimaiyyətin diqqətini çəkir. Bu məsələlərə daha ciddi yanaşılmalı və ali məktəblərin pedaqoqika və psixologiya proqramlarına yenidən baxılmalıdır. Həmçinin, bu sahədə mütəxəssislərin təşkil edəcəyi tədbirlər vasitəsilə, müəllim və məktəb rəhbərlərinin bu elmlərə olan yanaşmaları təkmilləşdirilməlidir. Düşünürəm ki, bu məsələlər həll olunmalıdır".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv