Üç qardaş ölkədən dünyaya mesaj

12:59 - 29 May 2025

Üç qardaş ölkədən dünyaya mesaj

"Bir gün öncə işğaldan azad olunmuş ərazilərimizdə iki mühüm tarixi hadisə baş verdi. Onlardan biri Laçın şəhərində hava limanının açılışı idi. Digəri isə bu hava limanının açılışında və ondan sonra keçirilən tədbirdə Azərbaycanın ən yaxın müttəfiq və qardaş ölkələrinin liderlərinin iştirak etməsi oldu". 


Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. 


O bildirib ki, bu hadisə, əslində, həm də Böyük Qayıdışın və ona göstərilən beynəlxalq dəstəyin bariz nümunəsidir. Azərbaycan Prezidenti açılış zamanı bildirdi ki, bu, dünyaya verilən mühüm bir mesajdır:

"Bu dəstəyin miqyası baxımından Türkiyə, Pakistan və Azərbaycanın təşkil etdiyi üçbucağın yerləşdiyi geostrateji region və coğrafi mövqe nəzərə alınarsa, üç liderin birgə iştirakı Azərbaycanın gələcək perspektiv planlarının, sülhə xidmət edən kommunikasiya xətlərinin açılmasına yönəlmiş layihələrinin nə qədər geniş bir coğrafiyada dəstəkləndiyini göstərir. Bu tədbirlər, eyni zamanda, iqtisadi qüdrətimizin və milli gücümüzün artmasına xidmət edir.

Heç şübhəsiz ki, hazırkı tarixi mərhələdə təhlükəsizliyin təmin olunması həm iqtisadiyyatın, həm də milli inkişafın vacib şərtidir. Bu baxımdan, baş verən hadisə eyni zamanda böyük bir təhlükəsizlik tədbiri kimi qiymətləndirilə bilər. Əslində, üç dost və qardaş ölkənin liderləri dünyaya mesaj verdilər ki, cəmi beş il əvvəl müharibə meydanı olmuş, ən çox militarizasiya edilmiş bu coğrafiyada bu gün Azərbaycan iradəsi ilə sülh yaradılır, kommunikasiya xətləri açılır, turizm inkişaf etdirilir, region potensial iqtisadi əlaqələrə cəlb olunur və bu proses bütün region üçün əhəmiyyətlidir".

Deputat qeyd edib ki, üçtərəfli əməkdaşlığın dərinləşməsi yeni bir səhifə kimi tarixə düşdü:

"Bundan sonra da Türkiyə–Azərbaycan–Pakistan üçtərəfli formatı həm region, həm də bu ölkələrin hər biri üçün daha böyük rifah və daha güclü iqtisadi inkişaf vəd edən bir model olacaqdır".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv