"Ermənistan tərəfindən mütəmadi olaraq təxribatlar törədilir. Biz dəfələrlə atəşkəsin pozulması hallarının şahidi olmuşuq və təəssüf ki, Ermənistan şərti sərhəd ərazilərində bu cür təxribatlara əl atmaqla, Ermənistanda fəaliyyət göstərən Avropa müşahidə missiyasının oradakı fəaliyyətinə əsas yaratmağa və onu legitimləşdirməyə çalışır. Eyni zamanda, bu təxribatlarla həm daxili auditoriyaya təsir göstərmək, həm də Azərbaycanı təhdid kimi təqdim edərək xarici auditoriya qarşısında mövqe qazanmaq niyyətindədir".
Bu sözləri Manset.az-a açıqlamasında deputat Natiq Həmzəyev deyib.
O bildirib ki, bu davranışlar sülh prosesini uzadır:
"Lakin bütün hallarda Azərbaycanın sülhə məcbur etmə siyasəti bu günə qədər uğurla həyata keçirilmişdir və biz inanırıq ki, Ermənistan gec-tez Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcbur olacaq. İlk növbədə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməli, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi müraciət etməli və bu prosesi yekunlaşdırmalıdır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atılmalı və delimitasiya və demarkasiya prosesində ədalətli mövqe nümayiş etdirməlidir. Əks təqdirdə, Ermənistanın istəkləri reallaşmayacaq və sülh sazişinə nail olunmayacaq".
Deputat qeyd edib ki, biz ədalətli və davamlı sülhün tərəfdarıyıq:
"Sadəcə formal sənəd imzalamaqla və ya tələsik razılıq əldə etməklə regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunacağına inanmırıq. Bu səbəbdən Ermənistan səmimi olmalı, təxribatlardan əl çəkməli və havadarlarının dəstəyi ilə həyata keçirdiyi təxribatları davam etdirməməlidir. Əks halda, Ermənistan özünü çox ağır və çətin vəziyyətə sala bilər.
Azərbaycanın hər keçən gün daha da güclənməsi və müttəfiqlərinin regional və beynəlxalq arenada söz sahibi olması, Ermənistan üçün ciddi düşünmək üçün əsas səbəblərdən biri olmalıdır. Ermənistan havadarlarının verdiyi süni cəsarətə arxalanaraq Azərbaycana qarşı təxribatlara yol verməməli və xarici mediada Azərbaycan əleyhinə kampaniyalarda iştirak etməməlidir. Əks halda, Ermənistan bunun nəticəsində özünə ciddi ziyan vurmuş olacaq.
Azərbaycan Silahlı Qüvvələri şərti sərhəd zonalarında möhkəmlənmiş və baş verə biləcək istənilən təxribatın qarşısını uğurla almışdır və gələcəkdə də almağa hazırdır. Bu baxımdan, Ermənistanın bu cür təxribatları yalnız sülh prosesini ləngidir, regionda sabitliyə olan inamı azaldır və qarşı tərəf üçün mənfi nəticələr doğurur".
Seyranə Quliyeva