Xalq artisti Röya Ayxan qonaq olduğu youtube verilişində sənət aləmindəki bəzi həmkarlarını sərt tənqid edib.
Manset.az xəbər verir ki, o, bayağı adlandırılan müğənnilərin səslərinin olduğunu, lakin öz üzərlərində işləmək istəmədiklərini deyib. Müğənni həmçinin qeyd edib ki, mahnı seçimində təqdimat çox önəmlidir və onlar bunu düzgün həyata keçirmirlər.
Müğənni, xüsusilə bayağı musiqi ifa edən sənətçilərin övladlarını Azərbaycan məktəblərində deyil, xarici dilli təhsil müəssisələrində oxutdurmasını ziddiyyətli addım kimi dəyərləndirib.
“Hamısı da belə bayağı oxuyurlar, hamısının uşaqları ingilis məktəbindədir. Yaxşı şeydirsə, niyə öz dilində oxutdurmursan? Qoy sənin dilində olan məktəbə keçsin, sənin mahnıların orada işləsin. Mənim uşağım sizi tanımır. Mənim uşağım xariciləri tanıyır. Çünki sizdən qorumaq üçün… Sən kimdən qorumaq üçün aparıb uşağı ora qoyursan?”
Röya çıxışında xüsusilə qadın sənətçilərə səslənərək onları daha məsuliyyətli olmağa çağırıb:
“Çox rica edərdim. Ən çox da qadınlardır. Yenə də deyirəm, heç kimin xətrinə dəymək olmaz, nəfsini də götürmək olmaz. Amma mən inanıram ki, biz əl-ələ tutub onları düzəldəcəyik”.