Cərimələrə SON - Sürücülər üçün yenilik

12:57 - 12 İyun 2025

Cərimələrə SON - Sürücülər üçün yenilik

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Gənclik Mall-un qarşısında taksi ilə sərnişinlərin rahat şəkildə minib-düşməsi üçün xüsusi dayanacaq ərazisi yaradılıb. Artıq bu təşəbbüs təkcə bir ərazi ilə məhdudlaşmır. Yusif Səfərov küçəsində, xüsusilə avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri təhlükəsiz və cəriməsiz şəkildə mindirib-düşürməsi üçün qısa müddətli dayanma yerləri təşkil olunmağa başlanıb. Bu addım sürücülərin və sərnişinlərin illərdir üzləşdiyi ciddi bir problemi – avtobus zolaqlarında dayanma və buna görə tətbiq olunan cərimələri aradan qaldırmaq məqsədi daşıyır. Bəs paytaxtın daha hansı ərazilərində bu cür dəyişikliyə ehtiyac var?


Mövzu ilə bağlı Manset.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtobus zolaqlarının olduğu, nəqliyyat baxımından konflikt yaşanan bütün ərazilərdə bu tip həll yolları tətbiq olunmalıdır:

"Axşam saatlarında daha bir belə məntəqənin yaradıldığının şahidi olduq. Bu məntəqə Yusif Səfərov küçəsində, Neftçilər xəstəxanasının qarşısında yerləşir.

Həmin ərazidə yalnız taksilərə deyil, digər minik avtomobillərinə də sərnişin mindirib-düşürməyə icazə verilir. Qeyd edim ki, orada dayanma və durma tam qadağandır. Sadəcə sərnişin mindirib-düşürmək məqsədilə qısa müddətli, təxminən 3 dəqiqəyə qədər dayanmağa icazə verilir.

Belə məntəqələrə şəhərin digər hissələrində də ehtiyac var – xüsusilə 20 Yanvar dairəsi ətrafında, Ziya Bünyadov prospektində və digər əsas yollarda. Eyni zamanda avtobus zolaqlarının problem yaratdığı əsas küçələrdən biri də Neftçilər prospektidir. Bu ərazilərdə də oxşar məntəqələrin yaradılması vacibdir".

Ekspert qeyd edib ki, demək olar ki, Bakıda avtobus zolağı olan bütün ərazilərdə taksi sürücüləri və digər minik avtomobili sahibləri çətinlik çəkirlər:

"Zolağa daxil olub sərnişin götürməyə tərəddüd edirlər. Bəziləri ikinci zolaqda dayanaraq sərnişin mindirir və ya düşürür ki, bu da ciddi təhlükə yaradır. Çünki avtobus zolağına daxil olduqda sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Digər zolaqda dayananda isə bu, 80 manat və yenə 2 bal ilə cəzalandırılır. Bu vəziyyət nə sərnişinlər, nə də sürücülər üçün uyğun deyil.

Biz bu mövzuya dəfələrlə toxunduq, aidiyyəti qurumlara təkliflərimizi verdik. Nəhayət, AYNA bu məsələni nəzərə aldı və icrasına başladı. Sevindirici haldır ki, bu proses artıq başlayıb".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv