Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq və işgəncələr nəticəsində beş soydaşımızın həlak olması, doqquz nəfərin isə saxlanılması açıq-aşkar etnik zəmində törədilən cinayətdir. Bu hadisə eyni zamanda irqçilik siyasətinin təzahürü, qeyri-insani rəftarın və ayrı-seçkiliyin bariz nümunəsidir.
Bu sözləri Manset.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.
O bildirib ki, son dövrlər Rusiya Federasiyasında qeyri-rus millətlərə qarşı dözümsüzlük, diskriminasiya və etnik ayrı-seçkilik halları artmaqdadır:
"Bu siyasət, Rusiya rəhbərliyinin məsələ ilə bağlı susqunluğu fonunda daha da güclənir və ölkənin müxtəlif şəhərlərində etnik zəmində cinayətlərin artmasına səbəb olur.
Bu hadisələr yolverilməzdir. Onlar ilk növbədə Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə ziddir. Eyni zamanda, Azərbaycan ilə Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış "Müttəfiqlik haqqında Bəyannamə"nin prinsiplərinə və məqsədlərinə ziddir. Bu cür zorakılıq aktları həmçinin iki ölkə arasında əsrlərlə formalaşmış mehriban qonşuluq münasibətlərinə və mədəni əlaqələrə uyğun gəlmir".
Z.İbrahimli qeyd edib ki, Azərbaycan dövləti hər zaman mehriban qonşuluq siyasətinə sadiq olub:
"Ölkəmizdə rus icmasına xüsusi diqqət və qayğı göstərilir, təhsil sistemində rus bölmələri fəaliyyət göstərir. Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafı üçün daim səylər göstərib və müxtəlif istiqamətlərdə bu əməkdaşlığı genişləndirib. Lakin Rusiyanın son addımları artıq iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasını zəruri edir.
Əgər Rusiya rəhbərliyi doğrudan da strateji əhəmiyyət kəsb edən mehriban qonşuluq münasibətlərini qoruyub saxlamaq istəyirsə, ilk növbədə azərbaycanlılara qarşı törədilmiş bu cinayətləri obyektiv şəkildə araşdırmalı və günahkarları məsuliyyətə cəlb etməlidir. Eyni zamanda AZAL-a məxsus mülki təyyarənin vurulması ilə bağlı rəsmi şəkildə üzr istənilməli, dəymiş ziyana görə kompensasiya ödənilməlidir.
Rusiya real və konkret addımlarla sübut etməlidir ki, o, Azərbaycanla bərabərhüquqlu, mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətləri davam etdirməkdə maraqlıdır. Əks təqdirdə Azərbaycan adekvat addımlar atacaq.
Tarix də sübut edir ki, Azərbaycan heç vaxt təzyiq, qorxu və şantaj dilini qəbul etməyib. Nə 1990-cı illərdə, nə ərazilərimizin işğal olunduğu dövrdə, nə də azərbaycanlılara qarşı törədilmiş soyqırımlarda ölkəmiz öz milli maraqlarından geri çəkilməyib. Azərbaycanın suverenliyi və müstəqilliyi hər zaman prioritet olub və bu gün də belədir.
Əgər Rusiya rəhbərliyi indiki səhv siyasətindən əl çəkmək və münasibətləri normallaşdırmaq istəyirsə, gecikmədən lazımi addımlar atmalı, yuxarıda qeyd edilən məsələlərə aydınlıq gətirməlidir. Azərbaycanın bu məsələdə cəmiyyətdə formalaşmış vahid və qətiyyətli mövqeyi var. Bu hadisələr ölkə ictimaiyyətində ciddi narahatlıq doğurub və Azərbaycan cəmiyyəti bu məsələdə yekdillik nümayiş etdirir".
Seyranə Quliyeva