Sərin yay bu məhsulların qiymətini bahalaşdıracaq

10:29 - 08 İyul 2025

Sərin yay bu məhsulların qiymətini bahalaşdıracaq

Yay aylarının başlanmasına baxmayaraq, ölkədə hələ də tipik yay istiləri müşahidə olunmur. Temperaturun nisbətən aşağı olması və qeyri-sabit hava şəraiti artıq bir neçə gündür davam edir. Bu cür hava şəraiti bir çox sahələrə, xüsusilə də kənd təsərrüfatına birbaşa təsir göstərir. Bəs bu qiymətlərə necə təsir edəcək?


Mövzu ilə bağlı Manset.az-a danışan aqrar sahə üzrə ekspert Akif Nəsirli bildirib ki, kənd təsərrüfatı məhsullarının – xüsusilə bostan, tərəvəz və meyvələrin normal şəkildə yetişməsi üçün hava temperaturunun 30 dərəcədən yuxarı olması vacibdir:

"Hazırda isə hava temperaturu 27–28 dərəcə civarındadır, bəzi bölgələrdə isə daha aşağıdır. Bu isə meyvə-tərəvəzlərin yetişmə prosesini ləngidir.

Yetişmənin gecikməsi məhsul yığımını və məhsulların bazara kütləvi şəkildə çıxarılmasını da çətinləşdirir. Hazırda Bakıda satışda olan meyvələrin əksəriyyəti tam yetişməyib. Əvvəlki illərdə məhsullar bir qədər yetişməmiş halda yığılsa da, daşınma zamanı yetişirdi. Hazırda isə məhsullar bazara tamamilə kal halda çıxarılır, çünki hava şəraiti onların yetişməsinə imkan vermir".

A.Nəsirli qeyd edib ki, bu vəziyyət bazarda təklifin azalmasına səbəb olur və nəticədə tələb təklifi üstələyir:

"Nəticə etibarilə qiymətlər artıb və bu artımın davam edəcəyi gözlənilir. Havanın sərin keçməsi fonunda meyvə-tərəvəz məhsullarının yaxın müddətdə ucuzlaşacağı gözlənilmir. Yay aylarında yüksək temperatur bu məhsulların kütləvi şəkildə yetişməsi üçün əsas şərtdir. Mövcud şərait isə bunun baş verməsinə imkan vermədiyi üçün meyvə-tərəvəzlərin qiymətləri yüksək olaraq qalacaq".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az