Azərbaycan və Ermənistan arasında Abu-Dabidə keçirilən görüş 5 saata yaxın davam etdi. Görüşdən sonra mətbuata açıqlanan diplomatik mətndən aydın olur ki, tərəflər bir sıra mühüm məsələlər üzrə nəticələr əldə ediblər.
Bunu Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O, bildirib ki, hətta o dərəcədə nəticələr əldə edilib ki, bəzi sənədlər paraflanıb:
"Paraflanmaq nə deməkdir? Diplomatik mətndə nəzərdən keçirilən və imzalayacaq şəxslərin səhifələr üzərində işarələr etməsi deməkdir ki, bu mətn nəzərdən keçirilib və qəbul edilib. Buna görə də, hər hansı bir imzalanma mərasiminə şahidlik etməsək də, paraflanma özü artıq imzalanma qədər səlahiyyətli bir hadisədir".
Deputat qeyd edib ki, bu, məsələnin bir tərəfidir:
"İkinci vacib məsələ isə sülhün əldə olunması üçün bütün istiqamətlər üzrə danışıqların aparıldığı və Zəngəzur dəhlizinin açılması və genişləndirilməsi məsələsinin müzakirə edildiyi qeyd olunur. Burada xüsusi bir şərhə ehtiyac vardır. Zəngəzur dəhlizinin açılması və genişləndirilməsi nə deməkdir? "Açılması" razılaşdırıldığı anlamına gəlir, mətndən belə çıxır. "Genişləndirilməsi" isə müzakirə olunub.
Çünki açılması razılaşdırılmadan genişləndirilməsi müzakirə edilə bilməzdi. Bura, əlbəttə, avtomobil yolu, dəmir yolu, digər nəqliyyat sistemləri, internet kabelinin keçirilməsi, enerji və qaz kəmərlərinin keçidi və digər əlaqədar məsələlər daxildir. Yəni, genişləndirmə dedikdə, bunları nəzərdə tuturuq. İlk növbədə razılığın əldə edilməsi, sonra isə genişləndirilmə məsələlərinin müzakirə olunması aydın olur. Beləliklə, bu iki mühüm ştrix ciddi, konstruktiv nəticələrdən danışmağa imkan yaradır".
H.Babaoğlu vurğulayıb ki, Abu-Dabidə keçirilən bu görüş, heç şübhəsiz, tarixə düşəcək:
"Görüşün tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan təşəbbüslərini qəbul etdirib və diplomatik münasibətlər tarixində münaqişə edən tərəflərin vasitəçisiz görüşündə nəticə əldə edilməsi nümunəsini göstərib. Bu, Azərbaycan tərəfinin beynəlxalq münasibətlər sistemində milli iradə və dövlət gücünü necə təsdiq etdiyini bir daha ortaya qoyur".
Seyranə Quliyeva