Mərkəzi Klinikanın həkimi qanunsuzluqla məşğuldur? - İDDİA

11:12 - 11 İyul 2025

Mərkəzi Klinikanın həkimi qanunsuzluqla məşğuldur? - İDDİA

Mərkəzi Klinikanın həkim-kardioloqu Firdovsi İbrahimovun cinayət xarakterli əməllərinə, Səbail rayon prokuroruluğunda düzgün baxılmadığı iddia edilir.


Bu barədə Manset.az-a Zeynalov Mabəddin Qabil oğlu şikayət ünvanlayıb. O iddia edir ki, Firdovsi İbrahimov onun 2-ci qrup müharibə əlili atasının ölümünə səbəb olub:

“2-ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlu ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyinə görə, 18 aprel 2025-ci il tarixdə səhətinin pisləşməsi ilə əlaqədar olaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinika'ya təxliyə edilmişdir. Mərkəzi Klinikanın həkim-kardioloqu Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına "angioplastika üsulu ilə stent yerləşdirildikdən sonra" təkrar tibbi müayinədən keçməsini həm şifahi, həm də atam Qabil Zeynalova ürək xəstəliyi ilə bağlı ilkin olaraq təyin etdiyi 19 aprel 2025-ci il tarixli, 552,227,721 nömrəli müalicə reseptində yazılı formada bildirmişdir.

26 aprel 2025-ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimiz və onların köməyi ilə Mərkəzi Klinika'ya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün gətirilsə də, lakin Firdovsi İbrahimov 2-ci qrup müharibə əlili atam Qabil Zeynalova yardım göstərməkdən imtina edərək, onu bilərəkdən hikkəsi və inadkarlığı ilə qərəzli şəkildə "əlil arabasında" əlacsız, köməksiz vəziyyətdə qoyaraq birbaşa ölümünə səbəb olmuşdur.”

Şikayətçinin dediyinə görə, ailə üzvləri məsələ ilə bağlı dövlət qurumlarına müraciət ediblər:

“Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal həmin hadisə baş verən günü Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin - 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin - 1542 və TƏBİB-in - 815 qaynar xətlərinə zəng edib məlumat verməklə yanaşı, eyni zamanda müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazaraq, hər halda gələcəkdə atam Qabil Zeynalovun başına hər hansı bir xoşa gəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, Firdovsi İbrahimov ilə bağlı heç bir ölçü götürülmədiyindən atam Qabil Zeynalov həmin hadisənin səhəri, yəni 27 aprel 2025-ci il tarixdə dünyasını dəyişdi.

Mərkəzi Klinikanın həkim-kardioloqu Firdovsi İbrahimovun cinayət xarakterli əməlləri və ən əsası da bu barədə əlimdə olan yetərincə əsaslı sübutedici danılmaz faktların olmasına baxmayaraq (video görüntülər, səs yazıları və digər əsaslı sübutedici sənədlər və s.), Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən bu günə qədər tədbirsiz nəticəsiz qalaraq öz şəxsi marağı xatirinə ört-basdır edilir.”

Manset.az məsələ ilə bağlı Mərkəzi Klinika ilə əlaqə saxlayıb. Klinikadan bildirildi ki, Zeynalov Qabil Mabəddin oğlu icbari tibbi sığorta göndərişi əsasında 18.04.2025-ci il tarixində sinədə başlayıb kürəyə irradiasiya edən göynədici ağrı, təngnəfəslik, kəskin halsızlıq şikayətləri ilə Siyəzən RMX-dən Mərkəzi Klinikanın Xəstəxanasına “Miokard infarktı” diaqnozu ilə “Koronar angioqrafiya” müayinəsi üçün təxliyyə edilmişdir:

“Xəstə Klinikaya daxil olan kimi ona tibbi yardım göstərilərək təcili olaraq Koronar angioqrafiya laboratoriyasına aparılmış və infarkt olan RCA damarına 2 ədəd dərmanlı stent implantasiya edilmişdir. 19.04.2025-ci il tarixində xəstəyə stabil vəziyyətdə ambulator şəraitdə müalicə təyin edilərək və lazımi tövsiyyələr verilərək evə yazılmışdır. 26.04.2025-ci il tarixində xəstə xəstəxanamızın poliklinikasına müraciət etmiş, ona lazımi tibbi təyinatlar verilərək növbəti müalicəsini yerli xəstəxanada davam etdirə biləcəyi tövsiyyə olunmuşdur.”


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az