"Dünya nizamının yenidən formalaşdırılmağa cəhd edilən və olduqca xaotik durumunda bəlkə də hər şeydən ən çox ehtiyac duyulan amil bütöv şəxsiyyət amilidir. Məhz bu amilin varlığı ya da yoxluğu xalqların müqəddəratının həll olunmasında başlıca meyar kimi görünür. Ölkələr və xalqlar sahib olduqları maddi resursları, yerləşdikləri coğrafi ərazini və malik olduqları qonşuları qədər bütün bu kövrək ipləri öz əlinə almağı bacaran, düzgün istiqamət verməyi bilən liderə böyük ehtiyac duyur".
Bu sözləri Manset.az-a açıqlamasında deputat Azər Badamov deyib.
O, bildirib ki, Cənab Prezident İlham Əliyev bundan əvvəlki çıxışında da bildirmişdi ki, qayıqda azsaylı liderlər arasında və qıtlığında ABŞ Prezidenti Donald Tramp da var ki, eyni vizyonu bölüşürük:
"Bu varlıq tərəfimizdən diqqəti daha çox o zaman çəkir ki, Tramp da ənənəvi cəmiyyətə, ailə dəyərlərinə üstünlük verir. Bütövlükdə ABŞ-Azərbaycan münasibətlərinə gəldikdə isə onu deyə bilərik ki, təəssüflər olsun ki, Bayden və Blinken cütlüyü zamanında münasibətlərimiz olduqca aşağı səviyyəyə enmişdi. Sözügedən administrasiyanın qərəzli mövqe tutması bu duruma rəvac verən əsas amil idi. İndi isə bu mənfi keçmiş müsbət durumla əvəz olunur.
III Şuşa Qlobal Media Forumu zamanı xarici siyasətimizə ümumi nəzər yetirən və gələcəyə dair hansı vizyon formalaşdırıldığını deyən dövlət başçımız bildirdi ki, xarici siyasətimiz istiqamət deyil, sadəcə forma dəyişdirib. Bu xüsusda ABŞ-la münasibətlərimizə dair olduqca müsbət proqnoz verən dövlət başçımız gözləntilərdən söz açdı və onların böyük olduğunu bildirdi. Prezidentimizin verdiyi xəbərlərdən biri o oldu ki, gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Bir daha sübut olunur ki, Azadlığa Dəstək Aktının 907-ci düzəlişi üzərindən əvvəllər gah dayandırılması, gah da yenidən tətbiqi istiqamətində atılan ziddiyyətli addımlar heç nəyi dəyişən deyil. Azərbaycan yenə də öz haqq yolundan dönmür. Yəni, Azərbaycan lazımi məqamda müraciət edilən, lazım olmayanda geri çevrilən aktor olmadığını yürütdüyü qətiyyətli siyasəti ilə sübut etməyi bacardı".
Deputat qeyd edib ki, forumda cənab Prezident İlham Əliyevin fikirlərini əks etdirən videonun ABŞ Prezidenti Donald Tramp tərəfindən “Truth Social”da paylaşılması dövlət başçımızın nitqinin güvənilən olmasından, etibarlı olmasından, şəxsinə göstərilən hörmətdən xəbər verir:
"Deməli, Cənubi Qafqaza məhz dövlət başçımızın nitqi üzərindən yanaşılır. Beynəlxalq münasibətlərin bugünkü vəziyyətində bu, nadir rast gəlinən addımdır. Dövlət başçımızın fikirlərində bildirdiyi “münasibətlərimizi yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq” tezisi üzərindən saatlar keçməmiş həqiqətə qovuşur.
Ardınca Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür etdi. Bu iki ölkə və liderlər arasında mövcud olan etimaddan, haçalanmayan vizyondan, üst-üstə düşən yanaşmadan xəbər verir. Vaxtilə Cənubi Qafqazı ABŞ xarici siyasətində əyalət məsələsi hesab edən sələflərindən fərqli olaraq dövlət başçımızın da bildirdiyi kimi beynəlxalq təhlükəsizlik məsələlərində artıq Cənubi Qafqaz da Trampın diqqət mərkəzindədir. Fövqəl dövlətin diqqətini bölgəmizə yönəldən məhz Müzəffər Liderimizdir. Cənubi Qafqazın yeni mənzərəsini formalaşdıran şəksiz də, şübhəsiz də Azərbaycan Prezidentidir. Bu reallıq fövqəl dövlət tərəfindən nəinki qəbul olunur, hörmət edilir. ABŞ-Azərbaycan liderlərinin siyasətə də, dəyərlərə də yanaşması, baxışları harmoniya təşkil edir".
Seyranə Quliyeva