Son günlər uşaqlar arasında yayılan və səpgilərlə müşahidə olunan infeksiyalardan olan "Koksaki" virusunun yayılması valideynləri ciddi narahat edir. Virusun simptomları sürətlə ortaya çıxır və uşaqlarda ciddi narahatlıqlara səbəb olur. Bəs, bu virusdan necə qorunmaq olar?
Mövzu ilə bağlı Manset.az-a danışan pediatr Gülnar Abdullayeva deyib ki, "Koksaki" virusu bədənə daxil olduqdan 3-6 gün sonra ilk simptomlarını göstərməyə başlayır:
"Ən çox müşahidə olunan əlamətlər isə bunlardır. Uşaqlarda halsızlıq, iştahsızlıq, yüksək qızdırma müşahidə olunur. Temperatur 38-39 dərəcəyə qədər yüksələ bilər.
Virusun xarakterik əlamətlərindən biri də səpkilərin yaranmasıdır. Səpkilər əllərin içində, ayaqların altında, həmçinin ağız boşluğunda meydana gəlir. Ağızın içində yaranan yaralar uşaqlarda narahatlıq və ağrıya səbəb olur".
G. Abdullayeva bildirir ki, bu virusa qarşı spesifik müalicə mövcud deyil:
""Koksaki" virusunun xüsusi müalicəsi yoxdur. Sadəcə olaraq uşağa simptomatik yardım göstərilə bilər. Ağrıkəsici preparatlar və bol maye qəbulu tövsiyə olunur. Əgər uşaq həm yeməkdən, həm də mayedən imtina edirsə, bu zaman xəstəxana şəraitində venadaxili maye müalicəsi tətbiq oluna bilər”.
Həkim valideynlərə xəbərdarlıq edib ki, virus yoluxucu xarakter daşıyır və gigiyena qaydalarına ciddi əməl olunmalıdır.
Seyranə Quliyeva