Müasir dövrdə sağlam qidalanma və ərzaqların uzunmüddətli saxlanması məsələsi aktual olaraq qalır. Xüsusilə meyvə və tərəvəzlərin tərkibindəki vitamin və mineralların qorunaraq istehlakçılara çatdırılması vacib şərtlərdən biridir. Son illər dünyada getdikcə daha çox yayılan sublimasiya üsulu ilə qurudulmuş meyvə və tərəvəzlər də bu baxımdan diqqət çəkir. Bəs, sublimasiya üsulu ilə qurudulmuş meyvə və tərəvəzlərin zərərləri varmı?
Mövzu ilə bağlı Manset.az-a danışan sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, bu gün bazarda elə meyvələr var ki, onlar xüsusi şəraitdə qurudularaq dondurulur:
"Bu proses sublimasiya adlanır. Sublimasiya zamanı meyvənin tərkibindəki su buxar halına keçərək çıxarılır və nəticədə meyvə quruyur, lakin onun vitamin və mineral tərkibi demək olar ki, olduğu kimi qalır. Məhz bu xüsusiyyətinə görə bu üsulla hazırlanan məhsullar daha faydalı hesab olunur.
Adi qurutma zamanı istilik təsiri nəticəsində meyvənin dadı, qoxusu və tərkibindəki bir sıra faydalı maddələr itir, lakin sublimasiya prosesində bu baş vermir. Meyvə və tərəvəzlər təbii dadını, qoxusunu saxlayır, eyni zamanda su tərkibi olmadığı üçün daha yüngül olur. Bu da onların uzaq məsafələrə daşınmasını və uzun müddətli saxlanmasını asanlaşdırır.
Üstəlik, bu məhsulların tərkibində hər hansı konservant və ya kimyəvi maddə olmur, bu da onların sağlamlıq üçün daha təhlükəsiz olmasını təmin edir".
M.Hüseynova qeyd edib ki, sublimasiya olunmuş meyvələr səhər yeməyində, qəlyanaltı olaraq, çay və ya isti içkilərlə desert kimi rahatlıqla istifadə oluna bilər:
"Zərərlərinə gəlincə, onlar demək olar ki, çox azdır. Lakin bir məqama diqqət yetirilməlidir: su tərkibi azaldığına görə meyvənin təbii şəkəri daha çox cəmlənir. Bu da qanda şəkər səviyyəsinin artmasına səbəb ola bilər. Bu baxımdan, şəkərli diabet xəstələri və ya qan şəkərinə nəzarət edən şəxslər bu məhsullardan istifadə edərkən miqdarına diqqət etməlidirlər”.
Seyranə Quliyeva