"ABŞ-də keçiriləcək üçtərəfli görüş yalnız Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında mühüm bir addım kimi qiymətləndirilməməlidir. Bu görüş həm də bütövlükdə Cənubi Qafqazda tarixən formalaşmış güc balansının yenidən inşa olunması və regionun yeni gələcək perspektivlərə qovuşması kimi qiymətləndirilməlidir. Nəticə etibarilə mediaya sızan məlumatlara görə, üçtərəfli görüşdən sonra tərəflər arasında memorandum imzalanacaq".
Bunu Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O, qeyd edib ki, memorandum, əhəmiyyətli bir sənəddir:
"Çünki tərəflər arasında müzakirə olunan məsələlərə dair yazılı mətn tərtib edilir. Bu sənəddə məsələnin hüquqi və siyasi təsviri verilir, həmçinin hansı hüquqi əsaslarla məsələnin tənzimlənməsi şərtləri qəbul edilir. Bu, özlüyündə memorandumdan sonra növbəti mərhələdə həmin məsələnin texniki tərəflərinin necə icra olunacağını müəyyənləşdirir. Göründüyü kimi, əgər həqiqətən bir memorandum imzalanacaqsa, biz artıq etibarlı və uzunmüddətli sülhün hüquqi təsvirini də görmüş olacağıq".
Deputatın sözlərinə görə, hətta sülhün kommunikasiya və dəhliz məsələsi, sənəddə Zəngəzur dəhlizi açılmasının şərtləri və iş rejimi ilə əlaqəli olaraq təsvir edilə bilər:
"Memorandum adının seçilməsi də bu sənədin hüquqi və siyasi əhəmiyyətini vurğulayır. Bu səbəbdən, bu görüşü tarixə düşən bir görüş kimi qiymətləndirə bilərik.
Görüşdən sonra ABŞ-nin Azərbaycan Prezidenti ilə ayrıca görüş keçirməsi isə, şübhəsiz ki, ABŞ ilə Azərbaycan arasında tamamilə yeni imkanlar və perspektivlər yaradacaq".
Seyranə Quliyeva