"Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafında tarixi mərhələ oldu".
Bunu Milli Məclisin deputatı Azər Badamov Manset.az-a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, səfər çərçivəsində imzalanan mühüm sənədlər, o cümlədən “Strateji Tərəfdaşlıq Xartiyası”nın hazırlanması barədə Anlaşma Memorandumu iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir:
“1992-ci ildə qəbul edilmiş və ölkəmizə qarşı ədalətsiz qərar olan ‘Azadlığa Dəstək Aktı’nın 907-ci düzəlişinin dayandırılması, strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm addımdır. ABŞ Prezidenti Donald Trampın dövlət başçımıza Ağ Evin rəsmi açarını təqdim etməsi də bu münasibətlərin xüsusi əhəmiyyət daşıdığını göstərir.”
Azər Badamov qeyd edib ki, enerji sahəsində SOCAR ilə ExxonMobil arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” qarşılıqlı iqtisadi əlaqələrdə yeni imkanlar açacaq:
“Səfər həm də Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsinə mühüm töhfə verdi. Sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizinin açılması barədə razılıq Naxçıvana maneəsiz keçidi təmin edəcək.”
Deputat vurğulayıb ki, əldə olunan razılaşmalar Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, regionda dayanıqlı sülhün bərqərar olması üçün də tarixi əhəmiyyət daşıyır.
Seyranə Quliyeva