Bakıda onlayn satış səhifəsi dələduzluqda ittiham olunur.
Manset.az-a daxil olan şikayətdə bildirilir ki, Salento_az adlı onlayn satış səhifəsi nişanlıq libası adı ilə vətəndaşı aldadıb.
Yaxın günlərdə nişan mərasimi olacaq Növrəstə Tağıyeva sözügedən səhifədən libas sifariş edib. Ona libasın avqustun 21-də Bakıya çatdırılacağı, bir gün əvvəl isə sifariş barədə ümumi məlumat veriləcəyi bildirilib.
Ümumi dəyəri 150 manat olan libas üçün səhifə sahibləri 70 faizlik ilkin ödəniş (105 manat) tələb edib. Müştəri ödənişi göndərsə də, sonradan əlaqə saxlamaqda çətinliklə üzləşib.
Şikayətçinin sözlərinə görə, ona libas barədə məlumat almaq üçün "WhatsApp" üzərindən yazması tapşırılıb. Lakin yazışmalar “silmə rejiminə” qoyulub, daha sonra isə müştərinin nömrəsi və profili bloklanaraq zənglərə cavab verilməyib.
Manşet.az qarşı tərəfin mövqeyini öyrənmək üçün qeyd edilən nömrə ilə əlaqə saxlasa da, nömrənin işləmədiyi məlum olub. Mesaj vasitəsilə məsələnin işıqlandırılacağı bildirilsə də, özünü İradə Aslanova kimi təqdim edən xanım sadəcə “Ok” cavabı yazaraq hadisəni ciddiyə almayıb.