Son günlər sosial şəbəkələrdə Çin istehsalı avtomobillərin keyfiyyəti ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəzi şəxslər bu avtomobillərin keyfiyyətsiz olduğunu iddia edir, digərləri isə bildirir ki, yayılan məlumatların arxasında bazar payını qorumağa çalışan alverçilər dayanır.
Məsələ ilə bağlı Manset.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, əvvəllər bazarda hər kəsin öz mövqeyi olub:
"Rəsmi dilerlər yeni avtomobillərin satışını həyata keçirir, ikinci əl avtomobil alverçiləri isə öz fəaliyyətlərini davam etdirirdilər. Lakin sonradan müxtəlif peşələrdən bu sahəyə daxil olan şəxslər, xüsusən də Çindən avtomobil gətirənlər bazarda ciddi dəyişikliklərə səbəb olublar".
Sədrin fikrincə, bu amil rəsmi idxalçıların bazar payının təxminən 30%-ə qədər azalmasına gətirib çıxarıb ki, bu da artıq ciddi problem sayılır:
"Bəzi işbazlar Çinin daxili bazarından zəmanətsiz və ehtiyat hissələri təmin edilməyən avtomobillər gətirməklə həm istehsalçıların hüquqlarını pozur, həm də bazarda çaşqınlıq yaradır.
Yaranan vəziyyət uzun illərdir ikinci əl avtomobil alveri ilə məşğul olan şəxslərlə Çindən avtomobil gətirən yeni oyunçular arasında açıq şəkildə informasiya müharibəsinə çevrilib".
O eyni zamanda vurğulayıb ki, bütün Çin avtomobillərini keyfiyyətsiz adlandırmaq doğru olmaz:
"Bəzi modellər müasir və keyfiyyətli ola bilər. Lakin Çinin daxili bazarı, xüsusən də ucqar bölgələr üçün istehsal edilən avtomobillər ümumilikdə daha aşağı keyfiyyət göstəricilərinə malik olur".
Seyranə Quliyeva