Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Cənab İlham Əliyev BMT səfəri çərçivəsində Nyu-Yorkdadır.
Sözügedən səfərin mahiyyəti haqqında Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında danışıb.
“Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Bu günə qədər artıq Azərbaycan Prezidenti səfər çərçivəsində bir sıra müxtəlif şirkətlərin sahibləri ilə görüşüb. Bunlar dünyaca məşhur qlobal investisiya şirkətləridir. Əvvəlcə qeyd etmək lazımdır ki, yatırım sülhü sevdiyi üçün həmin şirkətlərin Azərbaycan Prezidenti ilə görüşə maraq göstərməsi də təbiidir. Çünki Azərbaycanda həm yaxşı investisiya mühiti var, həm də Azərbaycanda uzunmüddətli sabitlik mövcuddur və bundan sonra da davam edəcəkdir. Məsələ bundan ibarətdir ki, Azərbaycan təmamilə yeni yaşıl iqtisadiyyat mərhələsinə keçid dövrü yaşayır. Eyni zamanda regional logistikanı genişləndirməklə transxəzər və şərq-qərb dəhlizi üzrə ölkəmizin iqtisadi cazibəsini artırır. Belə olan halda yenidən investorların diqqəti Azərbaycana yönlənir”.
Deputat qeyd edib ki, siyasi məsələlərə gəldikdə isə Birləşmiş Millətlər Təşkilatı heç də asan olmayan bir dövrdədir. Hətta bunu BMT tarixinin böhran illəri kimi də qiymətləndirmək olar.
“Birləşmiş Millətlər Təşkilatının gözü önündə müharibələr baş verir, beynəlxalq hüquq pozulur. Ancaq BMT-nin mexanizmləri funksional institut kimi bu proseslərə müdaxilə edə bilmir. Bəzi hallarda bu, BMT-nin strukturubdan irəli gələn formal yanaşmalar bunu mümkün etmir, bəzən də qəbul edilmiş qərarlar icra edilmir. Buna görə də, Azərbaycan Prezidenti BMT-nin yenidən təşkili BMT-də islahatlarla bağlı dəfələrlə öz fikirlərini səsləndirib. Onun Təhlükəsizlik Şurasının genişləndirilməsinin vacibliyi ilə bağlı vacib fikirlər bildirib. Hazırki mərhələdə mənə elə gəlir ki, bu çağırış daha da aktualdır. Buna görə də Azərbaycan Prezidentinin mövqeyi BMT-nin yenidən təşkilində nəzərə alınmalıdır. Çünki adından da göründüyü kimi BMT bütün millətlərin maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir. Sadəcə 5 daimi üzvün təzyiq aparatı kimi fəaliyyət göstərməməlidir”.
Fidan Vəlisoy