Xəbər verdiyimiz kimi, son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar dünyaya gəlib. Rəqəmlər göstərir ki, nikahdankənar doğulan uşaqların sayı illər üzrə yüksək olaraq qalır. Bu mövzu ilə bağlı fikir bildirən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov qeyd edib ki, bu uşaqları “zinadan doğulan” adlandırmaq lazımdır. Onun bu fikri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb - həm razılaşanlar, həm də buna qarşı çıxanlar olub.
Bu mövzu geniş müzakirələrə səbəb olduğu üçün Manset.az Şeyx Əbdül Mahmudbəyovla yenidən əlaqə saxlayıb. O bildirib ki, "nikahdankənar" sözünün başqa izahı yoxdur:
""Nikahdankənar" sözü nə sözdür? Bu sözü ümumiyyətlə kim fikirləşib? Elin dili, elin qəbul etdiyi söz var "filankəs kimdənsə törəyən bicbaladır". Çoxu elə bilir ki, nikahdankənar uşaq dünyaya gətirmək fəxarətdir. O bic doğanlardan soruşsan ki, nikahdankənar nə deməkdir, elə biləcəklər yaxşı bir şeydir. Bu, sosial problemdir, sosial bəladır. Bəziləri kəbinlə bu əxlaqsız hərəkətlərinə don geyindirməyə çalışırlar. Boşananda dövlətin nikah şəhadətnaməsi üstün tutulur, yoxsa mollanın kəbini? Normal adamlar ailə qurur, övlad dünyaya gətirir və uşağına sənədlə atalıq-analıq verir. Sonra da həmin bicbalalar sənəd olmadığına görə məktəbə gedə bilmirlər, uşaqlar evinə atılırlar. Görünən odur ki, bu sözlərim bəzilərinə sərf etmədiyi üçün fikirlərimi tənqid edirlər."
Şeyx onu da qeyd edib ki, bu uşaqların taleyi ilə oynayan insanlara qarşı ciddi tədbir görülməlidir:
"Bu balaların heç bir günahı yoxdur. Həmin uşaqlar kimlərinsə hisslərinin qurbanı olmuş zavallılardır. Bu uşaqları dünyaya gətirənlər insan gətirməyiblər, faciə gətiriblər. Belə uşaqları dünyaya gətirənlərin çoxu narkomanlardır. Mən media vasitəsilə Milli Məclisə müraciət edirəm ki, bu cür hallara qarşı sərt tədbirlər görülsün, ciddi qanunlar qəbul edilsin. Artıq uşaqlar evində yer yoxdur. Hərə birini tində doğub atır uşaqlar evinə. Bəzi özəl uşaq sığınacaqlarının rəhbərləri məni qınayır. Mənim bu çıxışım niyə sizə xoş gəlmir? Bu uşaqlara biznes gözü ilə yanaşdığınız üçün sözüm sizə ağır gəlir".
Əbdül Mahmudbəyov bildirib ki, belə halların artmasının bir səbəbkarı da bəzi məşhurlardır:
"Bəzi tanınmışlar efirlərdə çıxış edərək deyirlər ki, övladlarının atası var. Amma sual verəndə məlum olur ki, həmin uşaqların atası başqasının əridir. Bu cür danışanlar nikahdankənar uşaqları təbliğ edənlərdir. Mənim üstümə düşənlərə ar olsun. Bunların məqsədi planlı şəkildə şəxsi maraqlara xidmət etmək, milləti bu cür vəziyyətdə görməkdir. Onların əsas niyyəti millətin əxlaqi-mənəvi dəyərlərini korlamaqdır. Bu isə milli-mənəvi dəyərlərimizə və xalqa xəyanətdir."