Otellərdə boş yerlər artır - Turizm böhranı yaxınlaşır?

14:39 - 29 Oktyabr 2025

Otellərdə boş yerlər artır - Turizm böhranı yaxınlaşır?

Son 9 ayda Azərbaycanda fəaliyyət göstərən hotellərdəki yerin 75 faizi boş qalıb.

 

Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikanın Azərbaycan turizminə mümkün təsiri ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov Manset.az-a açıqlamasında danışıb.

 

“Hazırda 9 ayın ortalaması olaraq bu statistika təqdim olunub. Ötən il isə bu bol qalan hissə təxminən 80 faizə yaxın idi. Bunu qeyd etmək lazımdır ki, bu ilin 9 ayında Azərbaycana gələn əcnəbi sayında da 2 faizə yaxın azalma olub. Amma yay mövsümündə isə rəsmi statistika 5 faizi göstərir. Satış portallarında isə yay aylarında biz azalmanın 30 faizə yaxın olduğunu görə bilirik. Təbii ki, bunun səbəbləri də var. Xüsusi səbəblərdən biri regiondakı gərginliklər, xüsusən də Azərbaycanın cənubundakı İsrail müharibəsində mövsümün turizm üçün ən əlverişli vaxtlarında gərginliyin artması, Azərbaycanın hədəf bazarlarından olan İran və İsrail, Hindistan və Pakistan olan gərginliklər, eyni zamanda iran-İsrail müharibəsinin nəticəsində hava məkanının bağlı olması da körfəz ölkələrindən Azərbaycana gələn turistləri maneələr yaratdı. Bu da rəqəmlərdə ciddi geriləmə yaratdı. Geriləmənin digər bir səbəbi Ukrayna-Rusiya müharibəsidir. Rusiya ilə bir müddət davam edən sərin münasibətlər də buna təsirsiz ötüşmədi”.

Ekspert bildirib ki, hazırda turizm üçün nisbətən daha sakit dövrdəyik. Ölkədə beynəlxalq miqyaslı tədbirlər baş tutarsa, aktivlik yenidən qayıda bilər. Lakin bu da qısamüddətli həll yoludur:

“Hazırda turizm üçün nisbətən daha sakit dövrdəyik. Ölkəyə gələn əcnəbilərlər, oteldə gecələyən turistləri də bir qədər ayırmaq lazımdır. Çünki bəziləri ölkəyə sadəcə qonaqlamaq, dost-tanışlarını görmək məqsədilə Azərbaycana gəlirlər və həmin şəxslərin böyük əksəriyyəti də otellərdə deyil, elə qonaq gəldikləri evlərdə də qalırlar. Bu da göstəricilər təbii olaraq təsir etmir. Ölkəyə gələnlər arasında xarici vətəndaş olsa da, bizim həmvətənlərimiz də var. Bütün bunları nəzərə aldıqda otellərdə doluluq səviyyəsinin həqiqətən də aşağı olduğunu görə bilirik və bu vəziyyət hələ də davam edir. Ümid edirik ki, gələcəkdə daha yaxşı turizm təkliflərinin verilməsi bu vəziyyətin düzəlməsinə kömək olar”.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az