Kibertəhlükəsizlik ölkənin fiziki təhlükəsizliyinin tərkib hissəsidir - Süni intellekt və texnoloji inkişaf

16:43 - 04 Noyabr 2025

Kibertəhlükəsizlik ölkənin fiziki təhlükəsizliyinin tərkib hissəsidir - Süni intellekt və texnoloji inkişaf

“Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır”. 

 

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.

Cənab Prezidentin çıxışı zamanı xüsusilə toxunduğu mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Manset.az-a açıqlamasında danışıb.


“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı bir daha göstərdi ki, müasir dövrdə elmi tədqiqatların istiqaməti artıq klassik yanaşmalardan çox, tətbiqi və innovativ sahələrə yönəlməlidir. Dövlət başçısının “kibertəhlükəsizlik ölkənin fiziki təhlükəsizliyinin tərkib hissəsidir” fikri, rəqəmsal dövrdə elmi potensialın milli təhlükəsizlik və süni intellektin inkişafı ilə birbaşa əlaqəsini açıq şəkildə vurğulayır. Hazırda süni intellektin (AI) tətbiqi və inkişafı qlobal miqyasda əsas strateji istiqamət sayılır. Azərbaycan da bu prosesdən kənarda qalmır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin koordinasiyası ilə Süni İntellekt Strategiyasının hazırlanması prosesi, dövlət, akademik və özəl sektor nümayəndələrinin iştirakı ilə aparılır. Bu, ölkədə süni intellektin tənzimlənməsi, etik prinsiplərin formalaşdırılması və tətbiqi imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır”.

Ekspert qeyd edib ki, texnoloji tərəqqi elmi institutların fəaliyyətində də keyfiyyətcə yeni mərhələni zəruri edir. Akademik dairələrin əsas vəzifəsi süni intellekt, böyük verilənlər (big data), kvant texnologiyaları, kibertəhlükəsizlik və enerji səmərəliliyi kimi sahələrdə fundamental tədqiqatları tətbiqi həllərə çevirməkdir. Bu məqsədlə elmlə sənaye arasında əlaqələrin daha da gücləndirilməsi, universitetlərdə texnoloji tədqiqat mərkəzlərinin yaradılması və startap ekosisteminin elmi resurslarla birləşdirilməsi vacibdir.

“Azərbaycan üçün süni intellekt yalnız texnoloji məsələ deyil, həm də iqtisadi modernləşmə və milli təhlükəsizlik məsələsidir. Məhz bu səbəbdən, elmi mühitdə süni intellekt etikası, hüquqi çərçivələr və məlumat təhlükəsizliyi kimi mövzular üzrə tədqiqatların genişləndirilməsi zəruridir. Nəticə etibarilə, gələcəkdə elmi-akademik dairələrin üzərinə düşən əsas məsələ bilik istehsalını real texnoloji məhsullara və xidmətlərə çevirməkdir. Azərbaycan artıq bu istiqamətdə öz yol xəritəsini müəyyənləşdirib. Qarşıda duran vəzifə bu konsepsiyanın effektiv icrası, insan kapitalının yeni tələblərə uyğunlaşdırılması və süni intellektin milli inkişaf modelinə çevrilməsidir”.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az