Təyyarə qəzası ilə bağlı yeni DETALLAR - "Bu məlumatlar ictimaiyyətə açıqlanmayacaq"

13:05 - 12 Noyabr 2025

Təyyarə qəzası ilə bağlı yeni DETALLAR - \"Bu məlumatlar ictimaiyyətə açıqlanmayacaq\"

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Qəza zamanı təyyarədə olan 20 hərbçi həlak olub.

 

Məsələnin aktuallığını nəzərə alan Manset.az tanınmış hüquqşünas Müşfiq Abbasovla qəzaya düşən təyyarənin istintaq prosesi ilə bağlı danışıb. O bildirib ki, prinsip etibarı ilə mülki və hərbi təyyarə qəzalarının istintaqının aparılmasında elə də kəskin fərq yoxdur: 


“Yəni istintaq tədbirləri eynidir. Bu hadisə ilə bağlı çox böyük istintaq qrupu yaradılacaq, burada həm Türkiyə, həm də Gürcüstan orqanlarının birgə iştirakı təmin olunacaq. İlkin olaraq hadisə ilə bağlı Gürcüstan hərbi prokurorluğunda cinayət işi açılacaq. Ümumi istintaq prosesi zamanı isə təyyarənin yararlılıq müddəti, texniki vəziyyətin dəyərləndiriləcək və çoxsaylı ekspertizalar təyin olunacaq. Təyyarəni idarə edən pilotların peşəkarlığından tutmuş, içərisində daşınan avadanlıqların təyinatına, təhlükəsizlik tədbirlərinə nə qədər əməl olunmasına qədər hər bir nüansa diqqət yetiriləcək”.

Hüquqşünasın sözlərinə görə, hərbi nəqliyyat təyyarəsinin qara qutusunun dinlənilməsi zamanı bəzi dövlət əhəmiyyətli məlumatların cəmiyyətə açıqlanmaması mümkündür:

“Qəzaya uğramış təyyarə hərbi nəqliyyat təyyarəsi olduğuna görə, ola bilər ki, orada olan avadanlıqlar, cihazlar həddindən artıq ağır olub. Belə ağır yüklərin daşınması zamanı ümumilikdə nəsə düzgün aparılmadıqda, təyyarə hava boşluğuna düşəndə bu, ciddi problemlərə səbəb ola bilər. Təyyarənin gövdəsi qopa bilər, təyyarədə yerdəyişmələr baş verə bilər. Bunların hamısı ekspertizalar zamanı məlum olacaq. Dünyanın bütün ölkələrində olduğu kimi təyyarənin hava limanından uçuşuna icazə verən sənədlər var. Təyyarə hər bir halda uçuşdan əvvəl texniki müayinədən keçir. Bu zaman həm təyyarənin özünün texnikləri, həm də əlavə texniklər nəzarət edirlər və məsuliyyət daşıyırlar. Təyyarənin havaya qalxarkən saz vəziyyətdə olması onlar tərəfindən təsdiq olunur. Bu nüanslara da istintaq zamanı nəzər yetiriləcək”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az