Bu müəllimlərin NƏZƏRİNƏ - Vergi verməlisiniz

15:00 - 21 Noyabr 2025

Bu müəllimlərin NƏZƏRİNƏ - Vergi verməlisiniz

“Cəmiyyət olaraq bizdə vergi mədəniyyəti formalaşmayıb. Əgər biz bu dövlətdə yaşayırıqsa, qanunvericiliyə uyğun olaraq hər bir halda əldə etdiyimiz qazancdan vergi verməliyik. Hazırda repetitorluq fəaliyyəti göstərənlərin böyük əksəriyyəti vergi ödəməkdən boyun qaçırır”.

 

Bu sözləri Manset.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, Azərbaycanda repetitor kimi fəaliyyət göstərən müəllimlər üçün də qanunvericiliyə əsasən vergi tətbiq olunur.


“Vergi qanunvericiliyinə görə, ölkəmizdə bu şəkildə fəaliyyət göstərən müəllimlərə sadələşdirilmiş formada vergi tətbiq olunur. Bu, Bakı şəhərində fəaliyyət göstərənlər üçün 4 faiz, regionlarda fəaliyyət göstərənlər üçün isə 2 faizdir. Eyni zamanda 3 faiz Sosial Müdafiə Fonduna da keçid olur. Yanvar ayından artıq bu 3 faiz 5 faiz olacaq. Təbii ki, bu, gələcəkdə həmin şəxsin pensiya kapitalının formalaşmasına kömək olur”.

Beynəlxalq təcrübəyə nəzər saldıqda biz görürük ki, repetitorluq fəaliyyəti üçün lisenziya verilir. Repetitorluq fəaliyyəti ilə məşğul olan hər bir şəxs fiziki şəxs olaraq vergi ödəyicisi olaraq qeydiyyatdan keçir.

“Hazırda Azərbaycanda repetitorluq fəaliyyəti olduqca geniş yayılıb və artıq bu “bazar”a nəzarət olunmadığına görə, vergi yayınmaları həddindən artıq çoxdur. Birinci növbədə repetitorları vergi verməyə təşviq etmək lazımdır, müəyyən maarifləndirici kampaniyalar keçirilməlidir. Repetitor kimi fəaliyyət göstərənlər bilməlidirlər ki, bu onların xeyrinədir, bu, dövlətin büdcəsinin formalaşmasına təsir edir. Bu da ordunun, güc strukturlarının formalaşmasıdır. Hazırkı vəziyyətdə insanların məqsədi nə olursa olsun vergidən yayınmaqdır. Bu təbii ki, sadəcə repetitorlarda deyil, ayrı-ayrı iş sahiblərində də var. Düşünürəm ki, hazırkı vəziyyətdə vergi verməmək üçün hər hansı bürokratik əngəl də yoxdur. Dövlət Vergi Xidmətinin regional bölmələri də var, bu bölmələrdə hər bir məsələ ilə bağlı əməkdaşlar tərəfindən yardım göstərilir və artıq bu proseslər insanlar üçün olduqca sadələşdirilib”.

 

Fidan Vəlisoy


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az