“Azərbaycan Prezidentinin sülh yaradan lider kimi nüfuzu Amerika Birkəşmiş Ştatlarında keçirilən “Sülh Şurası”nın tədbirində çox açıq və aydın görünürdü”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında deyib. O bildirib ki, “Sülh Şurası”nda tarixə keçəcək vacib məqamlar olub. ABŞ Prezidenti Azərbaycan Prezidentinin sülh fəaliyyətini təqdir etməsi də bunlardan biri idi:

“Həm ABŞ Prezidentinin Azərbaycan Prezidentinə olan diqqəti, onu və onun sülhyaratma metodunu təqdir etməsi, qiymətləndirməsi kontekstində bu aydın idi, həm də “Sülh Şurası”nın gündəm mövzusunun əyani vasitələrlə dünyaya təqdim olunması kontekstində bu özünü göstərirdi. Yəni Trampın Azərbaycan Prezidentinə xitabən necə sülh yaratmağını bir daha təkrat etməsi və burada ABŞ-nin rolunu qeyd etməsi, daha sonra isə Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin əl sıxışması elə “Sülh Şurası”nın nə üçün toplandığı məntiqinin əsas göstəricilərindən biri idi”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin sülhyaratma modeli və bu modelin effektivliyi hazırda bütün dünyaya nümunədir:
“Burada biz artıq Azərbaycan Prezidentinin sülhyaratma modelindən danışa bilərik. Bu modelin daxili komponentlərini ədalət, beynəlxalq hüquq və aqressiyanın olmaması kimi səciyyələndirsək, görə bilərik ki, bu, ən mürəkkəb konfliktlərin sülhlə nəticələnməsi üçün universal modeldir. Sülhün əldə olunması üçün mütləq ədalət, beynəlxalq hüquqa istinad və sülhün əldə olunması üçün güclü tərəfin aqressiyaya meyilli olmaması lazımdır. Prezident İlham Əliyevin yaratdığı sülh modelində bunların hər üçü var. Bu da Azərbaycan Prezidentinə olan rəğbəti və hörməti formalaşdırır”.
Fidan Vəlisoy