"Kopenhagen səfəri Cənab Prezidentin yürütdüyü siyasətə etimadın bariz nümunəsidir" - Deputat

20:30 - 03 Oktyabr 2025

\"Kopenhagen səfəri Cənab Prezidentin yürütdüyü siyasətə etimadın bariz nümunəsidir\" - Deputat

“Prezident İlham Əliyev Kopenhagendə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında ən aktiv iştirakçılardan biri oldu. Prezident yenə də sıx qrafiklə, Sammit çərçivəsində bir çox dövlət, hökümət başçısı ilə, həmçinin Avropa İttifaqı (Aİ) Şurasının prezidenti və Aİ Komissiyasının Prezidenti ilə ikitərəfli və gündəliyi vacib görüşlər keçirib. Keçirilən görüşlərin əksəriyyəti qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu isə, bir daha Avropa liderlərinin Azərbaycana qarşı olan marağının, həmçinin cənab Prezidentin şəxsi nüfuzuna, yürütdüyü siyasətə etimadın və ehtiramın bariz nümunəsidir”.


Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında deyib.

“Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır. Sıx iqtisadi və ticarət əlaqələri gündəliyinə hazırda regional bağlantıların daha da gücləndirilməsi məsələsi də daxil olub. Belə ki, Zəngəzur dəhlizinin (TRİPP yolu) açılması ilə Asiyanı Avropa ilə birləşdirən daha bir strateji nəqliyyat dəhlizi öz işinə başlayacaq. Bu yol yeni reallıqlar kontekstində Çin və hazırda Aİ-nin investisiyalarını artırdığı Mərkəzi Asiyanı Avropa İttifaqı ölkələri ilə birləşdirəcək. Dəhlizdən daşınacaq yüklərin həcminin artırılması üçün imkanların nəzərdən keçirilməsi Aİ-nin marağındadır. Bundan başqa, Aİ Azərbaycan və Ermənistan Respublikaları arasında son sülh razılaşmalarını alqışlayır, regionda sülh və sabitliyin yaranmasının lehinədirlər. Bunun əyani sübutu tarixi Vaşinqton görüşündən sonra Aİ strukturlarının bütün rəhbər şəxslərinin Azərbaycan Prezidentinə təbrik ünvanlaması oldu. Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşı olaraq qalır. Hazırda təbii qaz ixrac etdiyimiz 14 ölkədən 12-si bu qitədə yerləşir”. 

Deputat bildirib ki, Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu görüş Tarixi Vaşinqton Sülh Sammitindən sonra iki ölkə rəhbəri arasında keçirilən ikinci görüşdür.

“Bundan öncə Çində ŞƏT+ formatında keçirilən Sammitdə tərəflər bir araya gəlmişdi. Sülh prosesi ərəfəsində bu cür görüşlərin keçirilməsi sülhün öz praktiki nəticələrini göstərdiyinin daha bir nümunəsidir. Etimad-quruculuq tədbirləri çərçivəsində artıq tərəflər bir neçə addım atıb. Ermənistanın Baş nazirinin təyyarəsi Çinə Azərbaycanın hava məkanı üzərindən səfər edib. Daha sonra delimitasiya və demarkasiya prosesi çərçivəsində hər iki tərəf bir-birinin ərazisinə daxil olub. Müxtəlif beynəlxalq tədbirlərdə Ermənistan Təhlükəsizlik naziri Azərbaycana səfər edib, Azərbaycanın beyin mərkəzinin nümayəndəsi Ermənistanda tədbirdə iştirak edib, çıxış edib. Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir. Təbii ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan ilk növbədə öz üzərinə düşəni yerinə yetirməlidir. Bu ölkə öz Konstitusiyasında və Müstəqillik aktında Azərbaycana ərazi iddialarını ümumxalq səsverməsi yolu ilə çıxarmalıdır. Bunun üçün tərəflərin razılaşması mövcuddur. Bu baxımdan, sülh prosesinin gedişatı, Ermənistan tərəfindən sözügedən dəyişiklik üçün, Vaşinqton görüşünün nəticələrinin xatırladılması üçün və Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı görülən işləri müzakirə etmək üçün “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı zamanı imkan yaranmış oldu”.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az