“Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışı zamanı bildirib.
“Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır”, - dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik: “Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir.
Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.