Aprelin 22-də Astana
şəhərində keçirilən Regional Ekoloji Sammit çərçivəsində “İqlim fəaliyyətində
parlament diplomatiyası: Mərkəzi Asiya perspektivi” mövzusunda beynəlxalq
dəyirmi masa təşkil olunub. Tədbir Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə
mübarizə, dayanıqlı inkişaf və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi
məqsədi daşıyıb.
Manset.az xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikası Senatının
sədri Maulen Ashimbayev, ATƏT Parlament
Assambleyasının prezidenti Pere Joan Pons,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament
Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş
Komitəsinin sədri Azay Quliyev, ATƏT-in iqtisadi və ekoloji fəaliyyət üzrə
koordinatoru, səfir Bakyt Dzhusupov, ATƏT PA-nın Baş katibi Roberto Montella, BMT Baş katibinin müavini Haoliang Xu və digər rəsmi şəxslər çıxış
ediblər.
Azay Quliyev çıxışında Qazaxıstan Respublikası Senatının sədri Maulen Aşimbayevə dəvətə və tədbirə ev sahibliyinə görə səmimi təşəkkürünü bildirib. O, iqlim dəyişiklikləri ilə birgə mübarizə yolları və onun dayanıqlı inkişaf, bağlantılar, ticarət, texnologiya, süni intellekt və təhlükəsizlik sahələrinə təsiri barədə fikir mübadiləsinin əhəmiyyətini qeyd edib.
Deputat bildirib ki, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm,
texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri kimi son illər region
parlamentləri ilə əməkdaşlıq təcrübəsi bir mühüm reallığı təsdiqləyib: iqlim
dəyişikliyi sektoral məsələ deyil, cəmiyyətlərin əsaslarını dəyişən, dövrümüzün
əsas kəsişən çağırışıdır.
Azay Quliyev bildirib ki, qlobal temperaturun artması, su qıtlığı və ekstremal hava hadisələri artıq iqtisadi sabitliyə, infrastruktura və regional bağlantılara təsir göstərir. Bu baxımdan o, Xəzər və Aral dənizlərinin səviyyəsinin davamlı azalmasını ciddi narahatedici tendensiya kimi qiymətləndirib və bu istiqamətdə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Azay Quliyev diqqətə çatdırıb ki, iqlim dəyişiklikləri bağlantılıq
anlayışına yanaşmanı dəyişir. Nəqliyyat dəhlizləri, enerji sistemləri və
logistika şəbəkələri getdikcə daha çox ekoloji risklərə məruz qalır. Bu
baxımdan bağlantılıq yalnız
iqtisadi və geosiyasi proseslərə deyil,
eyni zamanda iqlim dəyişikliyinə də
davamlı olmalıdır. Deputatımız bildirib
ki, Mərkəzi Asiyanın və Cənubi
Qafqazın Avropa ilə Asiya arasında tranzit mərkəzi kimi rolu artır. Bu
kontekstdə Orta Dəhliz, o cümlədən Zəngəzur dəhlizi və onun TRİPP layihəsi parçalanmış qlobal mühitdə qitələri
birləşdirən təhlükəsizlik kəməri kimi xüsusi əhəmiyyət kəsb edir.
Çıxışda ATƏT-in Xəzər dənizi regionunda həyata keçirdiyi “Yaşıl limanlar və bağlantılılığın təşviqi” layihəsinin dayanıqlı və davamlı əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, bu cür təşəbbüslərin effektivliyi iqlim dəyişikliklərinə uyğunlaşma səviyyəsindən asılı olacaq və iqlim amilləri infrastruktur planlaşdırılmasına sistemli şəkildə daxil edilməlidir.
ATƏT PA-nın komitə sədri Azay Quliyev vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt iqtisadiyyatların inkişafı üçün yeni imkanlar açsa da, artan enerji tələbatı ilə bağlı əlavə ekoloji çağırışlar yaradır. Bu səbəbdən texnoloji inkişafın dayanıqlı enerji siyasəti ilə uzlaşdırılması vacibdir. O qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə 2024-cü il Strateji Tərəfdaşlıq Sazişi texnoloji inkişafın dayanıqlı enerji həlləri ilə uzlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır.
Deputat çıxışında ATƏT Parlament Assambleyasının bu sahədə roluna da toxunaraq bildirib ki, qurum iqlim dəyişiklikləri, iqtisadi dayanıqlıq, təhlükəsizlik və texnologiya arasında qarşılıqlı əlaqələrin müzakirəsi üçün mühüm platformadır.
Qeyd olunub ki, bu məsələlər cari
ilin iyul ayında Haaqada keçiriləcək
komitənin illik sessiyasında da əsas prioritetlərdən biri
olacaq və parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində
işlər davam etdiriləcək.
Tədbir müzakirələr və sual-cavab
sessiyası ilə davam edib.