Ötən gün Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı üçün xarici ölkə modelləri” mövzusunda forum keçirilib. Forum sahibkarlığın inkişafı, beynəlxalq təcrübənin öyrənilməsi və sosial inklüziv biznes imkanlarının təşviqi məqsədilə təşkil olunub.
Manset.az xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra qadın sahibkarların və əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanış olub, milli musiqi və rəqs proqramını izləyiblər.
Tədbiri giriş sözü ilə açan “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, layihə sahibkarlar üçün yeni imkanların yaradılmasına xidmət edir. O qeyd edib ki, Sumqayıtda keçirilən forum sahibkarların bir araya gələrək təcrübə mübadiləsi aparması və yeni əməkdaşlıqlar qurması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihə çərçivəsində artıq üçüncü forum uğurla təşkil olunub, əvvəlki forumlar isə Qazax və Abşeron rayonlarında keçirilib.
Z.Nuriyeva vurğulayıb ki, forum artıq ənənəvi xarakter alıb və dövlət-özəl sektor əməkdaşlığının inkişafına xidmət edir: “Forumun əsas məqsədlərindən biri dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, sahibkarların dövlətin həyata keçirdiyi iqtisadi siyasətə dəstək verməsi və yaradılan imkanlardan maksimum faydalanmasına töhfə verməkdir.”
Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında bildirib ki, xarici ölkələrin sahibkarlıq modelləri öyrənilsə də, onların olduğu kimi Azərbaycanda tətbiqi mümkün deyil. O qeyd edib ki, ölkəmiz uzun illər sahibkarlığın qadağan olunduğu sovet sistemində yaşayıb və yalnız müstəqillik əldə edildikdən sonra bu sahənin inkişafı üçün hüquqi baza formalaşdırılıb.
Deputat vurğulayıb ki, son illər sahibkarların hüquqlarının qorunması, biznes mühitinin yaxşılaşdırılması və dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi nəticəsində özəl sektor ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Hazırda ümumi daxili məhsulun təxminən 80–85 faizi özəl sektorun payına düşür, əmək müqaviləsi ilə çalışanların yarıdan çoxu isə məhz bu sektorda fəaliyyət göstərir.
T.Mirkişili əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan yeni müəssisələr, becərilən torpaqlar və istehsal olunan məhsullar Azərbaycanın iqtisadi potensialının göstəricisidir. O, xüsusilə kiçik və orta sahibkarlığın inkişafının ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, Azərbaycanda iqtisadi inkişafın əsas istiqamətlərindən biri kiçik və orta sahibkarlığın gücləndirilməsidir. Onun sözlərinə görə, sahibkarların maarifləndirilməsi, yeni bilik və bacarıqlarla təmin olunması, müxtəlif təlim proqramlarına cəlb edilməsi onların rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi və müasir biznes yanaşmalarının tətbiqi sahibkarların gələcək çağırışlara hazır olmasına kömək edir. O vurğulayıb ki, əmək bazarında baş verən dəyişikliklər daim öyrənməyi və yenilənməyi zəruri edir.
Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında son illərdə Azərbaycanda sahibkarlığın sürətli inkişaf etdiyini bildirib. O qeyd edib ki, dövlət tərəfindən yaradılan maliyyə və institusional dəstək mexanizmləri, eləcə də vətəndaş cəmiyyətinin təşəbbüsləri biznes mühitinin güclənməsinə mühüm töhfə verir.
Deputatın sözlərinə görə, ölkədə formalaşan əlverişli investisiya mühiti həm yerli, həm də xarici investorlar üçün yeni imkanlar açır. Xüsusilə kiçik və orta sahibkarlar, eləcə də həssas qruplardan olan sahibkarlar üçün dəstək mexanizmləri genişlənməkdədir.
Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında bildirib ki, Azərbaycanın makroiqtisadi göstəriciləri ölkənin uğurlu inkişafını təsdiqləyir. Onun fikrincə, növbəti mərhələdə əsas diqqət mikro səviyyədə, xüsusilə kiçik və orta biznesin inkişafına yönəldilməlidir.
Deputat vurğulayıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, güclü iqtisadiyyatın əsas dayaqlarından biri məhz kiçik və orta sahibkarlıqdır. O, regionların iqtisadi potensialına uyğun inkişaf modellərinin və peşə hazırlığı istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Razi Nurullayev isə sahibkarlığın böyük məsuliyyət və əzmkarlıq tələb etdiyini bildirib. Onun sözlərinə görə, sahibkara fəaliyyət göstərmək və qazanc əldə etmək üçün əlverişli şərait yaradıldıqda o, iqtisadi inkişafa daha böyük töhfə verir. Deputat beynəlxalq şirkətlərin təcrübəsinə toxunaraq, rəqabət qabiliyyətinin artırılmasında əlverişli biznes mühitinin mühüm rol oynadığını qeyd edib.
Forum Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimlinin moderatorluğu ilə keçirilən “Xarici təcrübənin yerli sahibkarlıq mühitinə inteqrasiyası və sosial inklüziv imkanlar” mövzusunda panel sessiyası ilə davam edib.
Paneldə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri, “Bakı Toxuculuq Fabriki” MMC-nin direktoru Səkinə Babayeva qadın sahibkarlığında beynəlxalq trendlər və uğurlu biznes modelləri, “Turan Qastro Turizm” Təhsil Mərkəzinin rəhbəri Doğan Tomris qastro-turizm sahəsində sahibkarlıq nümunələri, Sumqayıt Reabilitasiya Mərkəzinin rəhbəri Pərvanə Hacıyeva inklüziv sahibkarlıq və sosial müəssisələrin inkişafı, “UNISER Group” MMC-nin rəhbəri Emin Xankişiyev isə müasir korporativ idarəetmə və beynəlxalq tərəfdaşlıq modelləri barədə təqdimatlarla çıxış ediblər.
Panel sessiyası iştirakçıların suallarının cavablandırılması və sahibkarlığın inkişafı, beynəlxalq təcrübənin tətbiqi, sosial inklüziv biznes imkanları ilə bağlı fikir mübadiləsi ilə başa çatıb.
Forum müzakirələr şəraitində davam edərək sahibkarlıq ekosisteminin inkişafı, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından səmərəli platforma kimi qiymətləndirilib.